Xəbər lenti

Qurban Qurbanovla kim müqayisə oluna bilər?
Amal Abuşov
İdman 12:26 12.05.2025

Qurban Qurbanovla kim müqayisə oluna bilər?

Vaqif Cavadov "Sumqayıt”ın "Kəpəz”ə məğlub olduğunu oyundan sonra jurnalistlərlə maraqlı dialoq yaşayıb. Onlara deyib ki, siz əcnəbi çalışdırıcıların Azərbaycanda işləməyini arzulayırsızsa, elə onlar da  gəlsin burda işləsin. Sözlərinin davamında Vaqif bəy belaruslu Aleksey Baqanın "Sumqayıt”dakı uğursuz fəaliyyətini də misal çəkib.

Cavadov gənc məşqçidir, Premyer Liqada ilk mövsümünü keçirir. Özü də Samir Abasovdan "miras qalan” komanda ilə. Bu mənada işinin çətin olacağı əvvəlcədən bəlli idi. Enişli-yoxuşlu qrafik cızdı, müəyyən məqamlarda hamını təəccübləndirməyi bacardı. Onun komandası "Neftçi”ni, "Turan Tovuz”u məğlub etməklə xal ehtiyatını artırdı, amma bəzi periodlarda da xeyli uğursuz çıxış etməklə öz işini daha da qəlizləşdirdi. Bütün bunlar öz yerində. Ümid edirəm ki, zamanla Vaqif bəyin təcrübəsi artacaq, həm nəticələri yaxşılaşacaq, həm də jurnalistlərlə münasibəti.

Onun mətbuatla münasibətlərini qaydaya salacağına ürəkdən inanıram, amma Azərbaycanda əcnəbi mütəxəssislərin yerlilərdən üstün tutulmasına son qoyulmasına yox. Bu mənada Vaqif bəyin sözlərində həqiqət var. Baqa ilə yanaşı saysız-hesabsız misallar çəkmək olar ki, əcnəbi mütəxəssislər bizim çempionatda əlahiddə göstərici ilə yadda qalmırlar. Sanki AFFA illər ərzində apardığı siyasətlə beyinləri zəhərləyib, futbolsevərlərdə və klub başbilənlərində azərbaycanlı məşqçilərə qarşı inamsızlıq yaradıb, onların əcnəbiləri sevməsi üçün cadu-piti edib. Gözümüzün önündə "Sabah”ın nümunəsi var. Klub rəhbərliyi qəbul etmək istəmir ki, əcnəbilərlə bu iş olmur, bir dəfə də yerliyə şans vermək lazımdır. "Kəpəz”in "beş qəpik” pul tapan kimi rumıniyalı Mirça Redniklə danışıqlara başlamasına ümumiyyətlə, izah vermək çətindir.

Bir neçə gün bundan əvvəl diqqət edirəm, sosial şəbəkələrdə futbol səhifələrindən biri Murad Musayevlə bağlı paylaşım edib. Qeyd olunur ki, "Krasnodar” onun rəhbərliyi altında Rusiya çempionu olmağa yaxındır. Əlbəttə, yaxşı nəticədir, Musayevin "öküzlərə” uğur qazandırmasını danmaq olmaz. Maraqlısı odur ki, bir qrup qaragüruh dərhal həmin paylaşımın altında Qurban Qurbanovla Murad Musayevin müqayisəsini aparır. İddia edirlər ki, Musayevin Azərbaycanda çempion ola bilməməsi Qurbanova hansısa köməyin göstərilməsi ilə əlaqədardır, rusiyalının çalışdırdığı "Sabah”ın önü kəsilib.

Əzizlərim, başlayaq ondan ki, son illər Ukrayna müharibəsinə görə UEFA Rusiyanı işğalçı kimi tanıyıb və avrokuboklardan kənarlaşdırıb. Buna görə də Rusiya çempionatının marka dəyəri düşüb, çünki komandalar özləri üçün oynayır. Avrokuboklara qatıla bilməmək ciddi mənada maliyyə itkisidir, klubların gəliri azalıb. Adlı-sanlı legionerlər də Rusiya klublarına gəlməkdə maraqlı deyillər, o cümlədən də çalışdırıcılar. Dünyadan izoliyasiya olunmuş çempionata kim gələr? Ona görə də hal-hazırda əyalət təmsilçisi "Krasnodar”ın paytaxt klublarını və "Zenit”i üstələməsi heç də böyük hünər deyil. Lap elə Musayev uğurlu məşqçidirsə, onu "Sabah” rəhbərliyi qorumalı, əldən buraxmamalıydı.

İkincisi isə Qurbanov məşqçilik bacarığı təkcə "Qarabağ”ın Azərbaycandakı hegomonluğu ilə yekunlaşmır, əsas ölçü avrokuboklardır. Qurban bəylə kimisə müqayisə edəndə həmin məşqçinin avrokuboklarda hansı uğurları qazanmasına baxmaq lazımdır. Murad Musayev "Sabah”la avrokuboklarda hansı tarixi uğura imza atdı? "Partizan”ı keçməyə ona və futbolçularına kim mane oldu? Yaxud da, mən Musayevə demişdim ki, Samiqullini "Kəpəz”lə oyunda qapıya qoy, "Sabah” öz meydanında autsayderlə 2:2 oynayıb, vacib xallar itirsin? Ayxan Abbasovun çalışdırdığı "Turan Tovuz”un "Sabah”ın başına Masazırda hansı oyunu açdığını da unutmamışıq. 

Mövzunu davam etdirib, çox misallar göstərmək olar. Fikrimcə, sadaladığım arqumentlər yetərlidir. Bunların səbəbkarı nə Qurbanovdur, nə də hansısa "gizli əl”. Odur ki, danışanda, kimisə müqayisə edəndə ədalət hissini itirməmək lazımdır. Ən azından, günaha batmamamaq üçün.

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->