Xəbər lenti

Tramp Hindistana qarşı: yüksək rüsumlar və Rusiya ilə ticarətə görə cəza...
Dünya 10:21 31.07.2025

Tramp Hindistana qarşı: yüksək rüsumlar və Rusiya ilə ticarətə görə cəza...

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 1 avqustdan etibarən Hindistana qarşı 25 faizlik gömrük rüsumu tətbiq ediləcək. O, əlavə olaraq Hindistanın Rusiyadan enerji daşıyıcıları almasına görə cərimə tədbirləri görəcəyini də vurğulayıb.

Qaynarinfo "Bloomberg”ə istinadla yazır ki, Tramp bu qərarı "Truth Social” platformasında elan edərək bildirib

"Hindistanda rüsumlar dünyada ən yüksək səviyyədədir və onlar bütün ölkələr arasında ən sərt və xoşagəlməz qeyri-maliyyə ticarət baryerlərinə malikdirlər”.

"Bundan başqa, Hindistan hər zaman hərbi texnikasının böyük hissəsini Rusiyadan alıb və enerji daşıyıcılarının ən böyük rusiyalı alıcısıdır – Çinlə birlikdə. Halbuki, bütün dünya Rusiyanın Ukraynada qətlləri dayandırmasını istəyir. Buna görə 1 avqustdan Hindistan 25 faizlik rüsum və əlavə cərimə ödəməli olacaq”, – deyə ABŞ Prezidenti qeyd edib.

Bu rüsumlar Dehlinin öz regional tərəfdaşlarına qarşı imtiyazlı ticarət rejimi ilə bağlı ümidlərini puç edir. Hindistan ABŞ Prezidenti Trampın fevral ayında Baş nazir Narendra Modinin Ağ Evə səfərindən sonra Vaşinqtonla danışıqlara başlayan ilk ölkələrdən biri olmuşdu.

Bu il ərzində Modi hökuməti Trampa qarşı yumşaq mövqe tutmuş, gömrük rüsumlarının strukturunu yenidən nəzərdən keçirmiş və ABŞ administrasiyasına ticarət və immiqrasiya sahəsində bir sıra güzəştlər təklif etmişdi. Lakin son həftələrdə Dehli mövqeyini sərtləşdirib, çünki danışıqlar kənd təsərrüfatı kimi mübahisəli məsələlərdə çıxılmaz vəziyyətə düşüb.

Bununla belə, Hindistan rəsmiləri ABŞ-la ikitərəfli ticarət sazişi bağlamaq məqsədilə payızda danışıqları davam etdirməyi planlaşdırırlar. Tərəflər artıq apreldə ABŞ vitse-prezidenti Cey Di Venslə Modinin Dehlidəki görüşündən sonra ilkin sazişin şərtlərini razılaşdırıblar. Bu saziş danışıqlar üçün əsas çərçivəni müəyyənləşdirib.

ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. 2024-cü ildə Hindistanla ABŞ arasında ikitərəfli ticarətin həcmi 127,9 milyard dollar təşkil edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp, amerikalı məhsullara daha yüksək gömrük rüsumu tətbiq edən ölkələrə qarşı yeni rüsumlar elan edib.

Öz növbəsində Hindistan hakimiyyəti bu rüsumlardan yayınmaq üçün ABŞ-dan neft və qaz idxalını artırmağa razılaşıb ki, bu da ticarət balanssızlığını azaltsın.

Sonralar Dehli Vaşinqtonun polad və alüminium məhsullarına tətbiq etdiyi rüsumlara cavab olaraq bəzi Amerika məhsullarına qarşı rüsum tətbiq etməyi təklif edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->