Xəbər lenti

20 yaşında öz ölkəsini qurdu: Bayrağı, konstitusiyası və 400 vətəndaşı var
Dünya 18:17 06.08.2025

20 yaşında öz ölkəsini qurdu: Bayrağı, konstitusiyası və 400 vətəndaşı var

İngiltərədən olan Daniel Cekson cəmi 20 yaşında olarkən öz ölkəsini qurub. 

Qaynarinfo xəbər verir ki, adı, bayrağı, dili, konstitusiyası və rəsmi vətəndaşları olan bu ölkə hələ bir çox insan üçün tamamilə naməlumdur. Verdis Azad Respublikası adlandırılan bu kiçik dövlət haqqında təfərrüatları təqdim edirik.

Verdis Azad Respublikası

Daniel Cekson bu ideya üzərində işləməyə 14 yaşında, dostları ilə əyləncə məqsədilə başlayıb. Beş il sonra, 2019-cu ildə – 20 yaşında olarkən Tuna çayı sahilində, mübahisəli sərhədlər səbəbilə heç bir ölkəyə rəsmi olaraq aid olmayan kiçik torpaq sahəsini fürsət kimi qiymətləndirib. 

Xorvatiya ilə Serbiya arasında yerləşən bu torpaq parçasına Verdis adını verib, bayrağını hazırlayıb, qanunlarını yazıb və özünü prezident elan edib. Beləliklə, Verdis Azad Respublikası yaranıb.

400-ə yaxın vətəndaşı var

Yarım kvadrat kilometr ərazisi olan Verdisin bu günə qədər 400-ə yaxın rəsmi vətəndaşı var. Minlərlə insan isə vətəndaşlıq üçün müraciət edib. 

Ölkənin rəsmi dilləri ingilis, xorvat və serb dilləridir, pul vahidi isə avrodur. Lakin Verdisə çatmaq asan deyil - ora yalnız Xorvatiyanın Osiyek şəhərindən qayıqla getmək mümkündür.

Əsas peşəsi oyun dizayneridir

Daniel Cekson video oyunlar üçün dizaynlar hazırlayaraq dolanışığını təmin edir. Lakin onun əsas marağı Verdislə bağlıdır. Bu prosesdə siyasət və insan təbiəti haqqında çox şey öyrəndiyini deyir.

Xorvatiyadan deportasiya edilib

Bu ideya isə hər kəsin xoşuna gəlməyib. Ötən il Xorvatiya polisi Ceksonu və bir neçə nəfəri Verdis ərazisində düşərgə qurarkən saxlayıb. 

Rəsmi səbəb açıqlanmasa da, onlar Xorvatiyadan deportasiya olunublar və ölkəyə girişləri qadağan edilib. Ceksona görə, Xorvatiya hakimiyyəti onu təhdid kimi qəbul edir.

Seçki keçirmək istəyir

Hazırda Daniel Cekson Verdisi sürgündə, Serbiyanın paytaxtı Belqraddan idarə edir. Serb rəsmilərinin bu məsələyə daha tolerant yanaşdığını düşünür. 

Ən böyük arzusu isə bir gün Verdisə qayıdaraq orada daimi yaşamaqdır. Həmin gün gəldikdə isə prezidentlikdən çəkilib seçki keçirmək niyyətindədir. "Mən hakimiyyət hərisliyi ilə yaşamıram. Qalıcı bir quruluş yaratmaq istəyirəm", deyə o, bildirir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->