Londondakı Kral Kollecinin alimləri tibb sahəsində inqilabi yeniliyə imza atıblar - onlar ənənəvi, ağrılı və psixoloji baxımdan ağır olan biopsiya əvəzinə istifadə oluna biləcək unikal plastır hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə tədqiqat "Nature Nanotechnology" jurnalında dərc olunub.
Ənənəvi biopsiya - toxumadan nümunə götürülməsi - ağrılı, invaziv və bəzən təhlükəli prosesdir. Bu səbəbdən bir çox pasiyent müayinədən yayınır və diaqnoz gecikdirilir. Bu üsul, xüsusilə beyin kimi çətin əlçatan orqanlarda təkrar müayinələrə də ciddi əngəl yaradır.
Yeni hazırlanmış nanoiynəli plastır bu çətinlikləri aradan qaldırır. Onun səthi milyonlarla mikroskopik iynə ilə örtülüb və bu iynələr insan saçından min dəfə nazikdir. Onlar dərinin və ya orqan toxumasının səthinə zərər vermədən nüfuz edərək, oradan molekulyar məlumat – lipidlər, zülallar və RNT hissəcikləri – toplayırlar. Bu texnologiya həkimlərə xəstəlik prosesini real vaxtda izləməyə, təkrar testlər aparmağa və hüceyrə səviyyəsində dinamik dəyişiklikləri müşahidə etməyə imkan verir.
Layihəyə rəhbərlik edən doktor Çiro Kiyyappini bildirib: "Biz bu nanoiynələr üzərində 12 il işləmişik, lakin məhz indi əsl elmi sıçrayış əldə etdik. Bu texnologiya beyin xərçəngi, Altsheymer xəstəliyi və fərdi tibbi yanaşmalara dair diaqnostikanı dəyişə bilər”.
Texnologiya insan beyin şişi toxumaları və siçan modelləri üzərində aparılan ilkin (preklinik) sınaqlarda uğurla tətbiq olunub. Toplanmış məlumatlar kütləvi spektrometriya və süni intellektlə təhlil edilərək, bir neçə dəqiqə ərzində şişin mövcudluğu, müalicəyə cavab və xəstəliyin mərhələsi barədə nəticələr əldə edilib.
Yeniliyin üstünlüklərindən biri də onun əməliyyat zamanı birbaşa istifadə edilə bilməsidir. Məsələn, neyrocərrah şübhəli beyin nahiyəsinə plastır qoyaraq cəmi 20 dəqiqə ərzində dəqiq çıxarılmalı olan toxumanın vəziyyəti haqqında məlumat əldə edə bilər.
Plastır mikrosxem istehsalında istifadə edilən texnologiyalarla hazırlanır. Bu da onun standart tibbi cihazlara – sarğılar, kontakt linzalar və digər daşıyıcı səthlərə – asanlıqla inteqrasiya edilməsinə imkan verir.
Aydın
Şərhlər