Xəbər lenti

Azərbaycanlılara qarşı təhdid və təzyiq davam edir: Rusiya nəyə nail olmaq istəyir?
Siyasət 21:48 04.08.2025

Azərbaycanlılara qarşı təhdid və təzyiq davam edir: Rusiya nəyə nail olmaq istəyir?

"Rusiya ilə bağlı daha yumşaq çərçivədə mövcud problemləri gələcəkdə də hiss etməkdə davam edəcəyik".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Kremlin Rusiyada yaşayan azərbaycanlılara münasibətdə təhdid və təzyiq xarakterli addımları hələ də davam etdirməklə nəyə nail ola biləcəyi sualına cavabında deyib. 

Onun fikrincə, istənilən halda bu böhran müəyyən formada həllini tapsa da, əvvəlki nöqtəyə qayıdış olmayacaq:

"Bir-birinə qarşı münasibətlərdə müəyyən xətlər var idi ki, onu nə Azərbaycan, nə də Rusiya keçirdi. Bir növ bu xətti keçmək "qorxusu" var idi. İndi isə həmin qorxu artıq ortadan götürülüb. Əvvəllər ölkəmizdə kəskin münasibət göstərsək, pis hadisələrin baş verə biləcəyi söylənilirdi. Amma xeyli müddətdir cəmiyyət artıq bu hadisələrin törədildiyi mühitdə yaşayır".
 


Ekspert istənilən halda söhbətin bütün azərbaycanlıların Rusiyadan çıxarılacağı, həbs olunacağı, fəaliyyət imkanlarının əllərindən alınacağı, Rusiya ilə bütün əlaqələrin qırılacağından gedəcəyini düşünmür: 

"Bununla belə, bu əlaqələr əvvəlki kimi olmayacaq, soyuqluq çəkilməyəcək. Belə demək mümkünsə, daha yumşaq çərçivədə mövcud problemləri gələcəkdə də hiss etməkdə davam edəcəyik".

Qeyd edək ki, Rusiyada azərbaycanlılara qarşı təzyiq və təhdid kampaniyası davam edir. Məlumatlara görə, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvada saxlanılıb.

Bildirilir ki, Şıxlinski saxlanıldıqdan sonra Yekaterinburqa aparılıb. Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->