Dünya İqtisadi Forumunun (WEF) qurucusu Klaus Şvabın istefasından sonra təşkilata yeni rəhbər axtarışı başlayıb.
Qaynarinfo xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard forumun növbəti prezidenti olmaq üçün əsas namizəd kimi qiymətləndirilir. Bu barədə "The Times" və "Bloomberg" məlumat yayıb.
Şvab niyə istefa verdi?
Klaus Şvab keçən ay Dünya İqtisadi Forumunun rəhbərliyindən gözlənilmədən istefa verib. İddialara görə, bu qərar, onun fəaliyyətində vəzifə səlahiyyətlərini aşması, ailəvi və şəxsi xərclərlə təşkilat vəsaitlərini qarışdırması ilə bağlı anonim şikayətlər, həmçinin WEF rəhbərliyi ilə yaşanan gərginlik fonunda qəbul edilib.
Onun WEF tərəfindən maliyyələşdirilən və təşkilatın əməkdaşlarının tədqiqatlarına əsaslanan, lakin şəxsi gəlir qazandığı kitablarla bağlı da suallar var.
İstefadan sonra forumun icra heyəti "Nestle" şirkətinin keçmiş İdarə Heyətinin sədri, 80 yaşlı Piter Brabek-Letmateni müvəqqəti sədr təyin edib. Yeni sədrin müəyyən edilməsi üçün xüsusi axtarış komitəsi yaradılıb. Komitəyə "BlackRock" rəhbəri Lerri Fink, BVF rəhbəri Kristalina Georgiyeva, ABŞ-ın sabiq vitse-prezidenti Al Qor və Kristin Laqard da daxildir.
Kristin Laqard namizəd ola bilərmi?
"Bloomberg"in məlumatına görə, Şvab əvvəldən planlaşdırırdı ki, Laqard 2027-ci ildə AMB-dəki vəzifə müddəti bitənədək Forumun rəhbəri olmasın. Lakin onun gözlənilməz istefası bu planları pozub.
Hazırda Laqard hələ də AMB rəhbəri olaraq vəzifəsini davam etdirməsinə baxmayaraq, WEF rəhbərliyi onu ən uyğun namizəd kimi görməyə davam edir.
WEF nədir?
Dünya İqtisadi Forumu hər il İsveçrənin Davos şəhərində keçirilir və burada qlobal biznes, siyasət, vətəndaş cəmiyyəti, media və elm sahələrindən liderlər bir araya gələrək dünyanın ən vacib problemlərini müzakirə edirlər. Forumun əsası 1971-ci ildə, o zaman Cenevrə Universitetində az tanınan iqtisad professoru olan Klaus Şvab tərəfindən qoyulub.
Əvvəlcə Avropa İdarəetmə Forumu adı ilə fəaliyyətə başlayan təşkilat 1987-ci ildə adını dəyişərək WEF adını alıb və qlobal dialoq platformasına çevrilib.
Tarixi rolu
Davos, təkcə iqtisadi məsələlərlə deyil, siyasi dialoqlarla da yadda qalıb. Məsələn:
* 1988-ci ildə Türkiyə və Yunanıstan arasında imzalanan "Davos Bəyannaməsi" iki ölkəni münaqişədən yayındırıb.
* 1989-cu ildə Şimali və Cənubi Koreya, eləcə də Şərqi və Qərbi Almaniya ilk yüksək səviyyəli danışıqlarını Davosda aparıb.
Aydın
Şərhlər