⁹"Ərdoğandan amerikalı həmkarı Donald Trampa təsir imkanlarından istifadə etməsini istəyən region ölkələri Suriya, Livan, Yəmən, Sudan və İran ola bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Türkiyə mətbuatının XİN rəhbəri Hakan Fidana istinadən region ölkələrinin Ərdoğandan ABŞ Prezidenti Trampa təsir imkanlarından istifadə etməsi barədə istəklərini şərh edərkən deyib: "Ərdoğan ABŞ-a səfərə hazırlaşır. Belə başa düşürəm ki, bu fonda bəzi region ölkələrinin Ərdoğandan Trampa təsir imkanlarından istifadə etməsi barədə verilən açıqlama da məhz həmin səfərə işarədir. Ərdoğandan bu istəkdə olan ölkələr sırasında Suriya, Livan, Azərbaycan ola bilər. Habelə, Sudan, Yəmən, İran da bunu xahiş edə bilərlər”.
Ekspertin fikrincə, görünür, ABŞ-a səfəri çərçivəsində Ankara əsasən regional məsələləri müzakirə etmək istəyir və ona görə də bu məsələdə ona kartblanş verilib:
"İranın Ərdoğandan istəyi özünə qarşı tətbiq edilən sanksiyalar, nüvə problemi, gələcəkdə Qərblə münasibətlərə yenidən baxılması kimi məsələlər ola bilər. Suriya isə bütövlüyünün qorunması, unitar dövlət quruluşunun saxlanılmasını istəyir. Livan isə "Hizbullah”ın zəifləməsindən sonra Ərdoğan vasitəsilə siyasətində dəyişkiklik mesajını göndərə bilər. Bütün bunlar onu göstərir ki, Türkiyə region ölkələri üçün bir növ qarant rolunda çıxış edir”.
Qeyd edək ki, "Türkiyə” qəzetinin yazdığına görə, bu ölkənin xarici işlər naziri Hakan Fidan region ölkələrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan amerikalı həmkarı Donald Trampa təsir imkanlarından istifadə etməsini istədiklərini bildirib. "Bölgə ölkələrindən prezidentimizin Trampa təsir imkanlarından istifadə etməsinə yönəlik çoxlu müraciətlər alırıq. Bizə söyləyirlər ki, Trampın dinləyəcəyi yeganə müsəlman ölkəsi sizsiniz, bu baxımdan ona öz fikirlərinizi bildirin”, - türkiyəli nazir vurğulayıb.
Rüfət Sultan
Şərhlər