Yazırdılar ki, Lenin Çexovun "Altı nömrəli palata” hekayəsini oxuyandan sonra o qədər təsirlənibmiş, mənzildə qala bilməyib və çıxıb şəhərdə bir xeyli gəzişib ki, fikri dağılsın, özünə gəlsin...
Belə olubmu? Əlbəttə, daha heç kimsə bunu dəqiqləşdirmək iqtidarında deyil və ən əsası odur ki, bir neçə il keçəcəkdi, Lenin özü Rusiyanı daha dəhşətli bir "palata”ya çevirəcəkdi – bax, fakt budur. Nahaq yerə deməyiblər ki, dünyanı cəhənnəmə çevirənlər ondan cənnət düzəltmək istəyənlərdir...
Çexova gəldikdə, o, çox böyük estet idi, hər yerdə gözəllik axtarırdı və gözəllik görürdü. Məsələnin paradoksal tərəfi də elə bu idi – axı estetizm çox hallarda zahiri gözəlliyin, hətta bərbəzəyin fonunda daxildəki mürəkkəblikləri, qəlizlikləri və eybəcərlikləri görməyə imkan vermir.
Amma Çexov həm də çox, olduqca həssas, bəlkə də Rusiyanın ən həssas yazıçısı idi.
Bəs necə olurdu bu? Demək çətindir. Bəlkə bunun doğru-dürüst, ağlabatan cavabı budur ki, həyat özü də nəinki qəribəliklərlə, hətta paradokslarla doludur.
Kiçik bir "paradoksu” özüm də elə bu günlərdə yaşadım. Çox maraqlı siyasi publisistlərimizdən olan Məmməd Süleymanovun haqqın.az saytındakı bir yazısından polyak jurnalisti Rışard Kapuşinski haqqında oxudum.
Doğrusu, mən bu adamı tanımamışam, halbuki o, tək dahi jurnalist deyilmiş, həm də "Həmrəyliy”in fəalı imiş! Etiraf edim, mən həmişə belə hesab etmişəm ki, Polşanın ən məşhur jurnalisti, "Həmrəyliy”in fəallarından və qurucularından biri ancaq Adam Mixnik olub, hansının ki, nəinki haqqında çox oxumuşdum, canlı olaraq görmüşdüm, üstəlik, bir neçə yazısı və hətta Vatslav Havellə böyük müsahibəsilə tanış idim.
O müsahibədə diqqətimi cəlb edən bir detal da bu olmuşdu ki, bu adam Havelə "sən” deyə, bəli, silahdaş-silahdaşa müraciət edən kimi müraciət edir.
Daha bir məqamı da deyim, bəlkə oxucu üçün də maraqlı olar, hərçənd, bir dəfə artıq buna ötəri toxunmuşam.
Bir dəfə Polşada olanda bizi Adam Mixnikin qəzetinin redaksiyasına da aparmışdılar – özümüz xahiş etmişdik.
Zalda oturmuşduq, birdən yanımızdan iti addımlarla bir nəfər keçdi. Bizi müşayiət edən polyak xanım qayıtdı ki: "Mixnikdir...”
Amma çox təəssüf, onunla tanış etmədilər bizi, əvəzində bir xanım jurnalistlə, qəzetin "Beynəlxalq siyasət” departamentinin rəhbərilə tanış etdilər. Deyilənə görə, guya bu xanım da vaxtilə ictimai-siyasi fəallardan olubmuş, hətta sosializm dövründə Mixail Bulqakovun "İt ürəyi” əsərini fransızcadan polyakcaya da tərcümə edibmiş.
Fəqət nə qədər maraqlı olsa da, bizim üçün daha maraqlısı Adam Mixnik idi – di gəl, onunla görüşdürmədilər bizi. Odur, həmin səfər bircə detalla beynimizə həkk olundu: Seymin iclasında bir azca kənardan olsa da, canlı Valensanı görə bildik...
Belədəsə, mənim Polşa, onun mədəniyyətilə az-çox tanışlığım olub. Moskvada bir tələbə yoldaşım Şopenin musiqisilə tanış etmişdi məni: həqiqətən İlahi musiqi idi bu! Onun pyeslərini bir dəfə eşidən heç vaxt unutmaz.
Şair Adam Mitskeviç haqda müəyyən təsəvvürüm vardı. Nobel mükafatı laureatı İsaak Başevisi (əslən yəhudi olub!) əməlli-başlı oxumuşdum. Stanislav Lemin fantastikasından az da olsa, məlumatım vardı. Amma bir daha səmimi şəkildə etiraf edirəm ki, düşünürdüm, Adam Mixnik bu ölkənin ən böyük demokrat-jurnalistidir.
Burada daha bir müşahidəmi də bölüşmək istəyirəm. İki dəfə Polşada olarkən çox çalışırdım ki, ölkənin yaxın keçmişilə bağlı yazılanlardan əlavə də nəsə öyrənim, çünki o, bir vaxt keçmiş sovet düşərgəsində ən maraqlı ölkələrdən biri idi – çox şey, o cümlədən iqtisadçıların yaxşı bildiyi "şok terapiyası” da buradan başlamışdı, L.Baltseroviç çoxumuz üçün post-kommunist dünyasında ilk iqtisadçı-intellektuallardan biridi.
General Yaruzelski vardı, hansı ki, böyük sarsıntılar və qanlı qarşıdurmalar olmadan hakimiyyəti üsulluca anti-kommunistlərə təhvil vermişdi. Hüquq müdafiəçələri deyirdilər ki, hələ də bəziləri onun evinin qarşısında piketlər təşkil edirlər, amma qoca general heç nəyə fikir vermədən öz təqaüdçü – qocalıq həyatını yaşayırdı.
Maraqlısı bu idi ki, keçmiş polyak hərəkatçıların bəziləri öz siyasi tarixləri haqda zarafatla (bir gənc xanım keçmiş "Həmrəylik”çi Marek Novitskinin məsləhətilə azadlıq hərəkatında kafe və restoranların rolu haqda dissertasiya müdafiə etmişdi. Elə bizdə də çayxanalar heç də az rol oynamamışdı!), digərlərisə bir az acıqla danışırdı. Çoxu L.Valensanı sevmirdi, hətta mənalı-mənalı guya onun heç bir vaxt həbsdə olmadığını deyənlər də vardı.
Doğrusu, bilmirəm, nə qədər vacib və əhəmiyyətli bir məqamdır bu (adətən, qeyri-azad ölkələrdə belə olur!), amma o vaxt dissidentlərin çoxunun – məsələn, ukraynalı Çernovolun, gürcülər Qamsaxurdianın (ona münasibət bir az mürəkkəb idi, çünki vaxtilə dissidentlik fəaliyyətinə görə sovet rejimindən bağışlanmasını xahiş etmişdi), Merab Kostavanın və digərlərinin yolu həqiqətən də həbsxanalardan keçmişdi.
Hətta bizim rəhmətlik Ə.Elçibəy də zarafatla deyirdi ki, həbsdə olmamış siyasətçi qızılca çıxarmamış uşaq kimidir...
Konkret jurnalist Adam Mixnikə gəldikdə, bu məsələdə "bəxti gətirmişdi”, problemi yox idi, gördüklərimin əksəriyyəti onun adını hörmətlə çəkir, deyirdilər ki, bu adam bir yox, bir neçə dəfə həbslərdə olub, mübariz insandır.
Sonrakı illərdə də Mixnikə bir jurnalist kimi beynəlxalq maraq vardı, onu tez-tez Qərb universitetlərinə mühazirələr oxumağa çağırırdılar, yazıları ən aparıcı xarici dərgilərdə çap olunurdu. Düzdür, bunu onun yəhudi mənşəyilə bağlayanlar da vardı, amma o da vardı ki, bu adam Polşanın az-çox ingilisdilli intellektuallarından idi, ən başlıcasısa onun xatırlamağa və başqalarına öyrətməyə həqiqətən də nəyisə vardı...
O ki qaldı digər polyak jurnalistinə, Məmməd bəyin yazısından öyrəndim ki, Rışard Kapuşinski kimi nəhəng jurnalist də olub, hansını ki, hətta Markes tanıyıb – bilmirəm, məsələn, Adam Mixnik, mənim qəhrəmanım, belə bir diqqətlə öyünə bilərdi, ya yox?..
Üstəlik, digər bir mənbədən də oxudum ki, bu adam bir neçə dəfə hətta Nobel mükafatına da nominant olub.
Bilirsiniz, bütün bunları niyə deyirəm? Həyatın əsrarəngiz, sehrli gözəlliklərindən biri də elə incəsənətdir, mədəniyyətdir. Bəzən bizdə deyirlər ki, guya sovetin çöküşündən sonra mədəniyyət, incəsənət və hətta elm böyük bir böhran yaşadı.
Bəli, müəyyən qədər belə oldu, amma tam şəkildə də yox. Əslində üzümüzə dünyalar da açıldı. Məsələn, ədəbi-bədii informasiyalar o qədər artdı ki, biz qarşısına çox böyük bir miqdarda yem qoyulmuş ac heyvanın (ifadəyə görə üzr istəyirəm!) vəziyyətinə düşdük, bilmədik haradan başlayaq, nədən başlayaq və bu çaşqınlıq hələ də davam edir.
Bizim ədəbi yazarlarımız hələ də qəbul edə bilmirlər ki, onlar hətta böyük sovet yazıçılarının görmədiyi bir rəqabət şəraitində yazıb–yaradırlar. Nobel komitəsi hər il ədəbiyyat sahəsində yeni laureatları elan edir. Onların çox böyük əksəriyyətindən bizim hətta xəbərimiz də olmur, çünki çatdırmaq olmur, baxmayaraq, adam özü də təəssüflənir ki, bir çox hallarda böyük estetik zövqdən məhrum oluruq.
Mən hələ onu demirəm ki, biz Azərbaycanda yaşayırıq, ona görə bilməliyik ki, burada nə yazırlar, nə pozurlar? Axı mədəniyyətini bilmədiyin, tanımadığın, ən azı ümumi şəkildə olsa da izləmədiyin bir ölkənin siyasətindən də baş açmaq olmur...
Hüseynbala Səlimov
Şərhlər