Həyat yoldaşı aktyorun xəstəliyini necə öyrəndiyindən danışdı (VİDEO)
Hollivud aktyoru Brüs Uillisin həyat yoldaşı Emma Heminq Uillis ərinin vəziyyəti və ona qulluq təcrübəsi ilə bağlı yeni təfərrüatlar paylaşıb.
Qaynarinfo-nun məlumatına görə, "ABC News" üçün Diane Soyer ilə çəkilən və 26 avqustda yayımlanacaq xüsusi buraxılış "Emma & Bruce Willis: The Unexpected Journey" proqramında Emma etiraf edib ki, diaqnozu eşidən an tam şok keçirib:
"Panikaya düşdüm. Xatırlayıram ki, o sözlərdən sonra artıq heç nə eşitmirdim. Sanki bir uçuruma düşürdüm".
Aktyorun xəstəliyi barədə ictimai açıqlamadan sonra Emma ailədə demansla yaşamağın çətinlikləri və xəstə yaxınlarının dəstəyə ehtiyacı haqqında açıq danışır. O, həmçinin şəxsi qulluq təcrübəsini paylaşdığı "The Unexpected Journey" adlı kitabının nəşrini elan edib.
Sevginin onun üçün nə demək olduğunu soruşanda Emma cavab verib: "Sevgi gözəldir. O böyükdür, şərtsizdir. Mənim sevgini yaşamağım bəxtimdir".
Qeyd edək ki, 2022-ci ildə aktyorun ailəsi onun afaziya - beynin zədələnməsi nəticəsində yaranan nitq pozuntusu - səbəbindən karyerasını bitirdiyini açıqlayıb. Daha sonra həkimlər diaqnozu dəqiqləşdiriblər: frontotemporal demans (FTD).
Bu, beyin ön və gicgah paylarını zədələyən nadir neyrodegenerativ xəstəlikdir. O, insanın davranışına, şəxsiyyətinə, nitqinə və ünsiyyət qabiliyyətinə təsir göstərir, lakin erkən mərhələlərdə adətən Altsheymer xəstəliyində olduğu kimi ciddi yaddaş itkisi ilə müşayiət olunmur.
FTD simptomlarına xarakter dəyişikliyi, apatiya, impulsivlik, söz tapmaq və ya nitqi anlamaqda çətinliklər daxildir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər