ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens hazırkı prezident Donald Trampın Ukraynaya qarşı "sabit olmayan” dəstəyini tənqid edib və onun Vladimir Putinin guya "sülh istədiyi” ilə bağlı təkrar-təkrar verdiyi bəyanatlarla lağ edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Pens CNN-ə müsahibəsində
bildirib.
"Əgər son üç il bizə nəyisə öyrədibsə, o da budur: Vladimir Putin sülh istəmir, o Ukraynanı istəyir. Artıq iki aya yaxındır ki, Ukraynanın razılaşdığı atəşkəs rejiminə riayət edirik, ancaq Rusiya bunu davamlı olaraq uzadır və bəhanələr gətirir. Bu isə söylədiyim fikri bir daha təsdiqləyir”, - o deyib.
Mayk Pens əlavə edib ki, Putin yalnız gücdən anlayır və bu səbəbdən ABŞ Ukraynaya dəstəyi davam etdirəcəyini aydın şəkildə bildirməlidir.
"Ona görə də bu anda biz açıq şəkildə göstərməliyik ki, ABŞ azad dünyanın lideri olaraq Ukraynaya hərbi dəstəyi davam etdirəcək. Bu dəstək Rusiya işğalına qarşı durmaq və ədalətli, dayanıqlı sülh əldə etmək üçün vacibdir”, – deyə o vurğulayıb.
Pens hesab edir ki, Tramp administrasiyasının son aylarda Ukraynaya "sabit olmayan dəstəyi” Rusiyanı yalnız cəsarətləndirib.
Onun fikrincə, əgər Putin Ukraynada uğur qazanarsa, bu, sadəcə zaman məsələsidir ki, Rusiya NATO üzvü olan ölkəyə də hücum etsin və onda "bizim hərbiçilərimiz gedib onunla döyüşməli olacaqlar”.
"Mən Reyqan doktrinasına sadiqəm: əgər siz düşmənlərimizlə öz torpağınızda döyüşə hazırsınızsa, sizə bu döyüşü öz evinizdə aparmaq üçün lazım olan vəsaiti verəcəyik ki, biz onlarla öz torpağımızda vuruşmağa məcbur olmayaq”, – deyə Pens əlavə edib.
O, fevralda Tramp, vitse-prezident Cey Di Vens və Ukrayna prezidenti Volodimir Zelenski arasında Oval kabinetdə baş tutan mübahisəli görüşü "üzücü” adlandırıb.
"Məncə, prezident Zelenski media qarşısında arqumentlərini səsləndirməklə düzgün addım atmadı və hesab edirəm ki, prezident və administrasiyanın həmin anda verdiyi reaksiya da uğursuz oldu”, – deyə o bildirib.
Bununla belə, Pens Tramp və Zelenskinin Vatikan görüşünün "dialoqu bərpa etdiyi” qənaətindədir.
O, həmçinin ötən həftə ABŞ və Ukrayna arasında imzalanmış yeraltı sərvətlərlə bağlı sazişin "Moskvaya ABŞ və Ukraynanın bu məsələdə uzunmüddətli mövcudluğunu göstərən güclü siqnal” olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Vladimir Putinin 9 May hərbi paradı üçün elan etdiyi üç günlük "atəşkəsi” sülhə doğru bir addım kimi qiymətləndirmişdi.
Eyni zamanda, o bəyan etmişdi ki, əgər Kreml sülh sazişinə yönəlmək istədiyini sübut etməsə, o zaman senator Lindsi Qrehemin Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini imzalaya bilər.
Alpər
Şərhlər