Xəbər lenti

Rusiyanın Pokrovsku mühasirəyə salmasına bir addım qalıb -
Dünya 10:57 01.08.2025

Rusiyanın Pokrovsku mühasirəyə salmasına bir addım qalıb - "The Telegraph"

Rusiya qoşunları cəbhədə Dobropolye şəhərinə yaxınlaşır. Bu şəhər Pokrovskun tam mühasirəyə alınmasından əvvəl son iri yaşayış məntəqəsi olaraq qalır. 

Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, Pokrovskun ələ keçirilməsi ruslara Vladimir Putinin maksimalist tələblərində iddia etdiyi bütün Donetsk vilayətinə nəzarəti təmin etməyə imkan verəcək.

Nəşrin qeyd etdiyinə görə, rus qoşunları faktiki olaraq Pilotsuz Uçuş Aparatlarının (PUA) hücumları və pusqular vasitəsilə Pokrovskdakı Ukrayna müdafiəsi üçün həyati əhəmiyyət daşıyan əsas yolu kəsiblər.

"Maşından istifadə demək olar ki, intihardır”, - "The Telegraph"a yaxınlıqda yerləşdirilmiş bir əsgər deyib. Onun sözlərinə görə, mövqelərinə çatmaq üçün əsgərlər indi piyada hərəkət edirlər, bəzən 20 kilometrədək məsafəni avadanlıqlarını daşıyaraq qət etməli olurlar.

"Bir neçə ay ərzində rus PUA-ları Pokrovskdakı Ukrayna müdafiə qurğularını təmin edən həyati logistika arteriyası – T-05-15 yolundakı hərəkəti hədəfə alıb. Amma bazar günü səhər rus qoşunları Rodinskidə – həmin yolun keçdiyi şəhərdə – Ukrayna bölməsinə pusqu qurdu və indi ora nəzarət edir", deyə "The Telegraph" yazır.

"Kiçik olmasına baxmayaraq, Rodinski kritik yolayrıcında yerləşir və onun nəzarətə götürülməsi Rusiyaya Pokrovskun son müdafiə xəttlərini qidalandıran yol şəbəkəsinə birbaşa çıxış verir… Rodinskinin itirilməsi ilə daha bir mühüm təchizat dəhlizi bağlanıb və nəticədə Ukraynanın Pokrovskdan demək olar ki, yalnız bir çıxış yolu qalıb”.

Nəşrin yazdığına görə, bu ərazidə olan ukraynalı əsgərlərin sözlərinə əsasən, ruslar II Dünya müharibəsi dövründə almanların taktikasını xatırladan üsullardan istifadə edirlər: logistikanın zəif yerlərini aşkar edir, sonra isə onları kəsirlər. Bu logistika yönümlü hücumlar indi Dobropolye ətrafında, həm Pokrovskun cənubunda, həm də Konstantinovkanın şərqində şiddətli döyüşlərə səbəb olub. "Bunlardan biri əldən gedərsə, digəri də gedəcək”, – əsgərlərdən biri nəşrə deyib.

PUA-ların davamlı təhlükəsi hətta adi çıxışları belə ölümcül tələyə çevirib, deyə əsgərlər bildirirlər. "Biz Pokrovsku itirəcəyik. Bu, sadəcə zaman məsələsidir”, – onlardan biri deyib.

"Əgər Pokrovsk alınsa, cəbhə xətti Pavloqraddan yalnız açıq kənd təsərrüfatı sahələri ilə ayrılacaq ki, bu ərazi Ukrayna qoşunlarının müdafiəsi üçün olduqca çətin olacaq. Pokrovskun düşməsi artıq "alınacaqmı” sualı deyil, daha çox "nə vaxt” sualıdır", deyə "The Telegraph" yazır.

"Bəzi əsgərlər onun bir neçə gün ərzində, bəziləri isə həftələr ərzində alınacağını proqnozlaşdırır. İndi demək olar ki, heç kim qeyri-müəyyənlikdən danışmır, yalnız vaxtdan danışır”.

Əsgərlər sürətli irəliləyişi əvvəllər Kurskda yerləşdirilmiş, indi isə Pokrovska yönləndirilmiş elit rus PUA bölmələri ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, Putin diqqətini şəhərə yönəldib və onun tutulması üçün bütün hərbi gücünü səfərbər edəcək. 

Hazırda diqqət Donald Trampın Putinə sülh danışıqlarını başlamaq üçün verdiyi 10 günlük müddətə yönəlib. Lakin nəşrin qeyd etdiyinə görə, "cəbhədəki əsgərlər qorxurlar ki, hətta razılaşma baş tutsa belə, onlar bu 10 günün sonunu görməyəcəklər”.

Bundan əvvəl Üçüncü ordu korpusunun polkovnik-leytenantı Maksim Jorin bildirmişdi ki, ruslar yay hücum kampaniyasında planlaşdırdıqları hər şeyi reallaşdıra bilməyiblər. Bununla belə, o etiraf edib ki, düşmən artıq müəyyən uğurlar əldə edib.

Bu arada hərbi şərhçi Denis Popoviç etiraf edib ki, əvvəllər ilin sonunadək rusların Pokrovski ələ keçirə bilməyəcəyinə ümidli idi. Lakin son bir ayda düşmən yazda Pokrovskla Konstantinovka arasında yaratdığı dilimdən irəlilədiyinə görə, indi bu qədər optimist olmaq mümkün deyil.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->