Xəbər lenti

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi
İdman 22:18 01.08.2025

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

Azərbaycan güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında finala yüksəlib.

Qaynarinfo xəbər verir ki, Hüseyn İsmayılov (65 kq) turnirin həlledici mərhələsinə adlayıb.

O, əvvəlcə kanadalı Liam Qortonu üstələyib - 4:2. Gəncə güləş məktəbinin yetirməsi 1/8 finalda yunanıstanlı Konstantinos Mixailidisə heç bir şans tanımayıb - 11:0. İsmayılov daha sonra qırğızıstanlı Adisbek Altınbekovu çətinliklə də olsa, yolundan kənarlaşdırıb - 2:1. Hüseyn yarımfinalda isə qazaxıstanlı Yerali Askerbekdən güclü olub - 3:1. Milli üzvü sabah finalda amerikalı Arseni Kikinyovla güləşəcək.

Rəvan Həsənzadə (48 kq) belaruslu Makar Markoviçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb - 12:0. Həmyerlimiz özbəkistanlı Cahangir Tulkunovla gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılıb - 4:2. Rəvan yarımfinalda amerikalı Ariah Millsə 2:7 hesabı ilə məğlub olub. Həsənzadə sabah bürünc medal uğrunda Giorgi Narimanidze (Gürcüstan) - İslam Rabadanov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Ruslan Əlizadə (55 kq) həm moldovalı Dan Bulqaru, həm də kanadalı Aaharen Piranavan üzərində 10:0 hesablı qələbə qazanıb. Güləşçimiz 1/4 finalda rusiyalı Çingis Sarıqlarla üz-üzə gəlib. Ruslan 6:1 hesablı üstünlük əldə etsə də, təşəbbüsü əldən verib və yekunda minimal fərqlə (8:9) xalçanı məyus tərk edib.
Nihad Süleymanlı (80 kq) debütdə ermənistanlı Vaçe Aslanyan üzərində inamlı qələbəyə sevinib - 7:1. Süleymanlı 1/4 finala çıxmağa da yaxın olub. Ancaq sona 3 saniyə qalmış qələbəni əldən verən Nihad rusiyalı İssa Zanqiyevə 5:7 hesabıyla məğlub olub.

Hakim Tağıyev (110 kq) debütdə belaruslu Mikita Tkaçiki vaxtından əvvəl mübarizədən kənarlaşdırıb - 10:0. Pəhləvanımız amerikalı Aleksander Teylora da gücünü göstərib - 7:6. Tağıyev 1/4 finalda rusiyalı Avropa çempionu Maqomedrasul Omarovla bacarmayıb - 0:5. Rəqib finala yüksəldiyi üçün Hakim sabah təsəlliverici görüşə çıxacaq. Onun rəqibi ya Laert Movsesyan (Ermənistan), ya da Yu Çuanq (Tayvan) olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->