Hərbi ekspertlərin "Slash Gear” nəşrinə verdiyi məlumata görə, nüvə münaqişəsi halında dünyanın ən az həssas yerlərindən biri məhz ABŞ Hərbi Dəniz Qüvvələrinin silahlanmasında olan "Ohayo” sinifli atom sualtı qayıqları ola bilər.
Qaynarinfo-nun məlumatına görə, sınaqlar və təhlillər göstərir ki, bu tip qayıqlar güclü nüvə partlayışından belə sağ çıxa bilmək potensialına malikdir, lakin bunun müəyyən şərtləri var.
Nüvə partlayışı suda baş verdikdə zərbə dalğası konusvari şəkildə aşağı yayılır. Bu səbəbdən dərinlikdə olmaq təhlükəni artırır. Müasir taktika isə nüvə hücumu zamanı sualtı qayığın periskop dərinliyinə qalxaraq partlayış mərkəzindən maksimum sürətlə uzaqlaşmasını nəzərdə tutur. Bu zaman radiasiya yağışlarından qaçmaq üçün külək istiqamətinə əks tərəfə hərəkət edilir.
Birbaşa zərbə sualtı qayığın tam məhvinə səbəb olsa da, bir neçə mil uzaqda baş verən güclü partlayış həmişə ölümcül olmur. Sınaqlar göstərib ki, sualtı qayıq 1500 psi (kvadrat düymə düşən funt) təzyiqə tab gətirə bilir ki, bu da suyun altında 1 meqaton gücündə partlayışın 2 mildən çox məsafədə baş verməsinə bərabərdir. Müqayisə üçün, Xirosimaya atılan bomba bundan 67 dəfə zəif olub.
Bundan əlavə, atom sualtı qayıqları nüvə ssenarisi nəzərə alınaraq layihələndirilir. Onlar aylarla suyun altında qalmaq qabiliyyətinə malikdir, səthə çıxmadan fəaliyyət göstərə bilir və göyərtəsində 20-yə qədər "Trident II D5” qitələrarası ballistik raket daşıyır. ABŞ-ın nüvə triadasının üçdə birini təşkil edən bu gəmilər hücum zamanı cavab atəşi aça və düşmənin qarşı zərbə endirməsindən əvvəl hadisə yerindən uzaqlaşa bilir.
Aydın
Şərhlər