ABŞ Müdafiə Nazirliyi hiper-səs raketlərinin buraxılışını erkən mərhələdə müəyyən etmək məqsədilə yeni texnologiyaların hazırlanmasına maliyyə ayırır.
Qaynarinfo xəbər verir ki, "The Economist” jurnalının yazdığına görə, plan çərçivəsində adi və infraqırmızı kameralarla yanaşı, okean ortasında yerləşdirilən bort mikrofonlarla təchiz edilmiş buyların böyük bir şəbəkəsi yaradılacaq.
Son onilliklərdə ballistik raketlər uzaq məsafədən hücumun ən müasir silahı hesab edilirdi. Lakin onların yüksək və proqnozlaşdırıla bilən trayektoriyası aşkarlanma və məhv edilmə riskini artırırdı. Bu səbəbdən ABŞ, Çin və Rusiya alternativ olaraq atmosferdə uçan, uzunmənzilli radarların əhatəsindən kənarda hərəkət edən və manevr edə bilən hiper-səs raketlərini inkişaf etdirməyə başlayıb.
Pentaqon bu təhlükəni aşkar etmək üçün kompleks yanaşma tətbiq edir. Bu məqsədlə infraqırmızı diapazonu ayırd edə bilən EO/IR tipli kameralar hazırlanır. Bu kameralar peyklərin əhatə çatışmazlığını kompensasiya edə bilər, çünki peyklər bulud örtüyü altında uçan raketləri görə bilmir. EO/IR sensorları daha aşağı hündürlükdə – təyyarələrdə, dirijabllarda və ya üzən platformalarda yerləşdirilə bilər. ABŞ Hərbi Dəniz Qüvvələri San Dieqodakı "Surface Optics” şirkətinə hiper-səs hədəflərini izləyə biləcək yüksək ayırdetmə qabiliyyətli və tez yenilənən EO/IR sensorlarının hazırlanmasını tapşırıb.
Digər bir müqavilə Kaliforniya şirkəti "HyperKelp” ilə imzalanıb. Bu layihə dərin okeanda mikrofonlarla təchiz edilmiş buyların istifadəsini nəzərdə tutur. Şirkətin rəhbəri Qrem Rey bildirib ki, hiper-səs raketləri uzaq məsafədən eşidilə bilən səs dalğası yaradır. Buylar həmçinin səsi real vaxtda təhlil edə bilən süni intellekt sistemləri ilə təchiz olunacaq.
Bununla belə, siqnalın emalı çətin olaraq qalır – hiper-səs raketinin zəif uğultusunu dalğa, gəmi və təyyarə səs-küyündən ayırmaq çətindir. Tarixi paralel kimi, 1930-cu illərdə Britaniyada gecə vaxtı bombardmançı təyyarələri eşitmək üçün sahil boyunca beton "səs güzgüləri” quraşdırılmışdı. Daha sürətli təyyarələr və radar texnologiyası bu üsulu köhnəltsə də, oxşar prinsiplər bu gün yavaş hədəflərə qarşı tətbiq olunur. Məsələn, Ukraynanın "Səma qalası” sistemi ölkə boyu minlərlə mikrofon vasitəsilə "Şahed” pilotsuz aparatlarını mühərrik səslərinə görə izləyir.
Hiper-səs raketlərinin bu yolla izlənməsi ilk baxışda səmərəsiz görünə bilər, çünki 5 Max sürətlə uçan raket eşidiləndə artıq hədəfi keçmiş olur. Lakin "HyperKelp” minlərlə ucuz buyun həm suyun üzərində, həm də altında yerləşdirilməsi planını təklif edir. Bu buylar mənbənin yerini üçbucaqlama üsulu ilə müəyyən edə bilər. Bir neçə buyun məlumatları birləşdirildikdə koordinatlar dəqiqləşir. Əgər buylar sahildən kifayət qədər uzaqda yerləşdirilsə, sistem ilkin xəbərdarlıq mexanizmi kimi işləyərək digər sensorların təhdidə yönəldilməsinə imkan verə bilər.
Şirkət qeyd edir ki, buyları məhv etmək çətindir, onlar geniş ərazidə və çoxlu sayda yerləşdirilə bilər və peyklərlə müqayisədə xeyli ucuzdur. Dünyada artıq bənzər sistemlər mövcuddur – məsələn, ABŞ-ın Sandia Milli Laboratoriyaları nüvə sınaqlarını aşkar etmək üçün qurulan beynəlxalq mikrofon şəbəkəsinin məlumatlarından istifadə edərək atmosferə qayıdan kosmik aparatı izləyib.
"The Economist” yazır ki, bu üsul hiper-səs raketləri probleminə müvəqqəti həll ola bilər. Silahlanma yarışında heç bir texnologiya uzun müddət üstün mövqedə qalmır – yeni qarşı-tədbirlərin meydana çıxması an məsələsidir.
Aydın
Şərhlər