Xəbər lenti

Vaşinqtona tarixi səfər:
Siyasət 14:26 08.08.2025

Vaşinqtona tarixi səfər: "Münasibətlər tamamilə yeni mərhələyə yüksələcək"

"Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri tarixi bir hadisədir. Rəsmi mənbələrə əsasən, bu görüş həm ikitərəfli münasibətlər, həm də regional kontekstdə mühüm tarixi əhəmiyyət daşıyır".

Bunu Qaynarinfo-ya Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin ABŞ səfərinin əhəmiyyətini şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülhə dair memorandumun imzalanması diplomatik baxımdan yalnız razılaşdırılmış sənəd deyil, həm də onun icra mexanizmini nəzərdə tutan mühüm addımdır:

"Eyni zamanda, kommunikasiyaların açılması ayrıca bir hadisədir. Bundan əlavə, ABŞ-da ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan və Azərbaycanın birgə müraciət imzalaması da əlamətdar hadisə olacaq".
 


Hikmət Babaoğlu vurğulayıb ki, görüşdən sonra ən mühüm məsələlərdən biri də Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır:

"Strateji tərəfdaşlıq haqqında sənədin imzalanması nəzərdə tutulur. Bu, tərəflərin ortaq məqsədlər müəyyənləşdirməsi və həmin məqsədlər uğrunda uzunmüddətli, çoxşaxəli əməkdaşlıq həyata keçirməsi deməkdir. Belə bir sənəd imzalanarsa, iki ölkə arasındakı münasibətlər tamamilə yeni tarixi mərhələyə yüksələcək".

Deputat əlavə edib ki, bu prosesə regional aktorların yanaşması fərqli ola bilər:

"Lakin ortada iki müstəqil ölkənin iradəsi varsa, müdaxilə cəhdləri çətin olacaq. Hazırda Rusiyanın Cənubi Qafqaza təsir imkanları məhduddur. Buna görə də hər hansı gözlənilməz mənfi sürpriz ehtimalı azdır. Tarixin bu mərhələsində atılan strateji addımlar həm zamanlama, həm də mahiyyət baxımından son dərəcə əhəmiyyətlidir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->