Xəbər lenti

Azyaşlı
Ölkə 20:17 17.05.2025

Azyaşlı "gəlinlər" - Qadağalar o vaxt təsirli olacaq ki...

Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə vermək istəyiblər. Bu haqda aparıcı Lalə Azərtaş "Təsir dairəsi” proqramında danışıb. O bildirib ki, qurulan toy məclisinin qarşısı alınıb.

"Mənə Sabirabad tərəfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib. Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Mən bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy olmayacaq. 16 yaşlı bir uşağı, məndə olan məlumata görə, 33 yaşlı xalası oğluna məcbur ərə vermək istəyiblər. Qohum evlilikləri iyunun 1-dən rəsmi olaraq qadağan olunacaq. Ona görə də belə tələsik etmək istəyirdilər ki, iyunun 1-dən dövlət qadağa edəcək. Hətta eşitdiyimə görə, toy üçün 20 min xərc çəkilibmiş”, - aparıcı qeyd edib.

Bəs ölkədə azyaşlı qızların ərə verilməsi praktikasına niyə son qoyulmur? Səbəblər nədir? Yeni qadağalar, qanunların sərtləşməsi nə vaxt gözlənilən nəticələri verəcək? Başqa daha nə etmək olar?

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Yeni Müsavat”a deyib ki, azyaşlıların ailə qurması ilə bağlı tədbirlər son illərdə artsa da, bu proses hələ də davam edir: "Görülən işlər müsbət sayılsa da, problemin kökündən həllinə yönəlmiş sistemli və təsirli addımlar çatışmır. Düşünürəm ki, bu məsələ cəmiyyətin yetkinlik səviyyəsini, uşaqlara yanaşma tərzini və hüquqi sistemin adekvatlığını göstərən əsas indikatorlardan biri olmalıdır”.

Hüquq müdafiəçisi hesab edir ki, ənənəvi olaraq bəzi ailələr azyaşlı qızların özlərindən xeyli yaşlı kişilərə ərə verilməsini "təminatlı gələcək” kimi qələmə verir: "Xalq arasında dolaşan məşhur bir deyim bu düşüncə tərzini əks etdirir: ”Cavana gedən yumruq, qocaya gedən quyruq yeyir". Bu deyimlə yaşlı kişilərlə qurulan ailələrin daha "sabit” və "təhlükəsiz” olduğu fikri aşılanır. Ailələr düşünür ki, yaşlı kişilər artıq həyat təcrübəsi toplamış, dünyagörüşü formalaşmış, sabit gəliri və müəyyən edilmiş maddi imkanlara sahib olan insanlardır. Bu səbəbdən də onlar övladlarını "etibarlı əllərə” tapşırdıqlarına inanırlar. Lakin burada bir məsələ gözardı edilir: həmin "təhlükəsizlik” anlayışı uşağın şəxsi istəkləri, hüquqları və gələcək inkişafı fonunda necə qiymətləndirilir?"

M.Zeynalovanın sözlərinə görə, yetkinlik yaşına çatmış bir şəxsin istənilən yaşda insanla ailə qurması onun şəxsi hüququdur və buna hörmətlə yanaşılmalıdır: "Lakin burada əsas məsələ - erkən evliliklərdə qərarın uşağın özü tərəfindən yox, valideynlərin təzyiqi və təbliğatı ilə verilməsi gerçəkliyidir. Yəni əgər 15-16 yaşlı bir qız ”öz istəyilə" ailə qurduğunu bildirirsə, bu qərarın arxasında çox zaman ailədaxili təzyiq, sosial-mədəni basqılar və uşaq psixologiyasına təsir edən amillər dayanır".

Müsahibimiz xatırladıb ki, qanunvericilikdə 16 yaşa qədər uşaqlarla cinsi münasibət cinayət hesab edilir: "Lakin 16 yaşdan yuxarı bu məsələ artıq şəxsin razılığı ilə ”qanuni" sayılır. Ziddiyyət isə məhz burada başlayır. Bir tərəfdən 16 yaşında qızın ərə verilməsi erkən evlilik sayılır və qanunla qadağandır. Digər tərəfdən, həmin yaşda şəxsin cinsi münasibətdə olması hüquqi baxımdan problem yaratmır. Bu ziddiyyət cəmiyyətdə suistifadalara yol açır və valideynlərin, bəzən isə cütlüklərin bu boşluqlardan yararlanaraq qanunsuz evlilikləri "şəxsi qərar” adı altında leqallaşdırmasına şərait yaradır".

M.Zeynalovanın fikrincə, daha acınacaqlısı odur ki, əgər 16 yaşlı uşaq deyirsə ki, "özüm razıyam, özüm ailə qurmaq istəyirəm”, hüquq-mühafizə orqanları və sosial xidmətlər bu məsələyə müdaxilə edə bilmir: "Çünki ”uşağın razılığı" əsas götürülür. Halbuki 16 yaşlı bir şəxs hələ də psixoloji və hüquqi baxımdan uşaqdır və bu qərarın məsuliyyətini daşımağa hazır deyil".

Hüquq müdafiəçisi bildirib ki, bir çox hallarda erkən evliliklər sosial və iqtisadi problemlərin nəticəsi kimi ortaya çıxır: "Ailələr qızlarını erkən yaşda ərə verməklə həm ”təhlükəsizlik təminatı" əldə etdiklərini düşünür, həm də maddi yükdən azad olurlar: "Lakin bu yanaşma uşağın gələcəyi, təhsili, psixoloji inkişafı və cəmiyyətə adaptasiyası baxımından son dərəcə zərərlidir”.

M.Zeynalova əlavə edib ki, əgər bu problemi hələ də tam həll edə bilməmişiksə, deməli, ortada ciddi hüquqi və inzibati boşluqlar mövcuddur: "Valideynlər bəzən ”uşaq özü istəyib" kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışır, nəticədə isə məsuliyyət birbaşa uşağın üzərinə atılır. Bu, həm hüquqi, həm də əxlaqi baxımdan yolverilməzdir. Əgər 16 yaşında uşaq pasport almaq üçün rəsmi prosedurdan yalnız valideyni ilə birlikdə keçməsi mümkündürsə və valideynin razılığı olmadan pasport ala bilmirsə, onda niyə həmin yaşda uşaq evliliyə razı ola bilsin?"

Onun fikrincə, bu ziddiyyətlərin aradan qaldırılması üçün dövlət strukturları tərəfindən müəyyən tədbirlər görülməlidir: "Həmin tədbirlərdən biri budur ki, 16 yaşında ailə quran qızlarla bağlı yerli icra hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Təhsil və Səhiyyə nazirlikləri birgə monitorinq aparmalıdır. Bu qızların təhsili, sağlamlığı, sosial inkişafı, psixoloji durumu və həyat şəraiti mütəmadi izlənməlidir. Erkən evlilik yaşayan qızlara təhsil imkanları yaradılmalı, peşə kurslarına cəlb olunmalı, onların gələcək müstəqil həyat üçün hazırlıqlı olması təmin edilməlidir. Valideynlər, müəllimlər, kənd və şəhər icmaları, dini liderlər və digər təsir gücünə malik şəxslər arasında erkən evliliklərin fəsadları barədə maarifləndirmə işi genişləndirilməlidir”.

Mütəxəssisə görə, hüquqi boşluqlar aradan qaldırılmalı, 16 yaşda razılıqla cinsi münasibət məsələsi qanunla yenidən tənzimlənməlidir: "Uşaq hələ psixoloji və fiziki baxımdan inkişafını tamamlamamışkən ana olmaq onun üçün fəsadlı nəticələrə səbəb ola bilər. Səhiyyə Nazirliyi bu məsələdə tibbə əsaslanan yanaşma ilə məhdudiyyətlər müəyyən edə bilər.

18 yaşı tamam olmayan şəxslərin nikaha daxil olması mümkün olmamalı, əgər belə hallar baş veribsə, yerli icra hakimiyyəti həmin şəxsin nikahının qeydiyyatını tələb etməli və bu proses dövlət nəzarətində aparılmalıdır".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->