İtaliya Alp dağlarında cəmi bir ay ərzində - 21 iyunla 23 iyul tarixləri arasında - 83 nəfər həyatını itirib, daha 5 nəfər isə itkin düşmüş hesab olunur. Bu, ölkədə dağlarda müşahidə olunan ən yüksək ölüm göstəricilərindən biridir.
Qaynarinfo-nun məlumatına görə, İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində Milli Dağ Xilasetmə Xidmətinin rəhbəri Mauritsio Dellantonio bildirib ki, iyun ayının ortalarında məktəb tətili başlayan kimi dağlara axın başlayıb. Onun sözlərinə görə, qurbanların 60 faizi turistlər, qalan 40 faizi isə alpinistlər, velosipedçilər və paraşütçülərdir.
"Gündə demək olar ki, üç ölüm hadisəsi baş verir. Yardım çağırışları ötən illərlə müqayisədə təxminən 20% artıb. Mən bu qədər ölüm hadisəsinin qeydə alındığı başqa bir yay mövsümünü xatırlamıram. Artıq bütün hədlər aşılıb", deyə Dellantonio vurğulayıb.
Hazırlıqsız turistlər təhlükə yaradır
Dellantonio son hadisələrdən biri ilə bağlı misal çəkib: 30 yaşlı bir aşpaz işdən sonra Palla Bianca zirvəsinə (3600 metr) qalxmaq qərarına gəlib. Lakin 3100 metr hündürlükdə krossovka ilə donmağa başladığı üçün kömək çağırıb.
O, həmçinin xatırladıb ki, ötən il bir turist azyaşlı qızını qucağında tutaraq San-Pelleqrino keçidindəki dəmir pilləkəndən dırmaşıb. "O, özünü sığortalamamışdı, ayaqlarının altında 50 metrlik uçurum var idi. Ertəsi gün mən ona zəng edib dedim: "Əzizim, bu cür hərəkət olmaz. Sən möcüzə nəticəsində sağ qalmısan".
Yeniyetmələr və sosial şəbəkələrin təsiri
Bir neçə gün əvvəl Aosta vadisində 15 yaşlı yeniyetmə itkin düşüb, sonradan isə meyiti tapılıb. Dellantonioya görə, sosial şəbəkələrin yaratdığı təzyiq – başqalarının uğurla zirvəyə qalxdığını paylaşması – gəncləri düşünmədən hərəkət etməyə vadar edir.
Xilas edilənlər ödənişdən imtina edirlər
Qurtarma xidmətinin rəhbəri əlavə edib ki, bəzi insanlar xilasetmə əməliyyatlarına görə ödəniş etməyə razı olmurlar. Məsələn, Trentino bölgəsində bir nəfərin xilas olunması 750 avroya, Veneto bölgəsində isə min avroya başa gəlir. "Yarısı ödənişdən imtina edir – hətta həyatlarını xilas etdiyimiz halda belə", deyə Dellantonio bildirib.
Dağda nə vacibdir?
Dellantonio dağlara gedərkən su, qida, gün eynəyi və əlavə geyim götürməyin vacibliyini xatırladıb. O bildirib ki, yaxşı hava şəraiti belə bir anda dəyişə bilər, və güclü leysan yağışlar yolları dağıda bilər?
"Turistlərin yalnız yarısı özü ilə plaş və ya yağıntıya qarşı paltar götürür. Əlbəttə, mobil telefon tam dolu olmalı və üzərində "GeoResQ” tətbiqi quraşdırılmalıdır. Bu proqram çox yaxşı işləyir".
Aydın
Şərhlər