Tramp Rusiya və Ukraynanın itkiləri ilə bağlı rəqəmləri haradan götürür?
ABŞ prezidenti Donald Trampın ilin əvvəlindən bəri Ukrayna və Rusiyanın itkiləri barədə dedikləri reallığa çətin uyğun gəlir.
Qaynarinfo xəbər verir ki, bu fikri Rusiya-Ukrayna müharibəsi veteranı, "Aydar” batalyonunun sabiq taqım komandiri Yevgeni Diki Radio NV efirində bildirib.
"Rusların itkiləri həqiqətən böyükdür. Amma Trampın göstərdiyi rəqəmlərə sadəcə təəccüblənirəm, bunları hardan götürür? Mən çox istərdim ki, Trampın dediyi rəqəmlər həqiqətə uyğun olsun. Amma heç yaxınına da düşmür. Amma onun bu qəribə, uydurma dünyasında itkilərin nisbəti belə görünürsə, bu, bizim üçün faydalıdır. Ola bilər ki, bu, onun bizə təzyiqini bir az azaldacaq və bəlkə ruslara bir az təzyiq göstərəcək”, – deyə Diki bildirib.
O əlavə edib ki, real nisbət ABŞ prezidentinin dediyi qədər "parlaq” deyil. Eyni zamanda veteran vurğulayıb ki, cəbhədə itkilərin nisbəti "çox ciddi şəkildə” Ukraynanın xeyrinədir.
"Bu, əlbəttə ki, 8 minə 112 deyil. Ümumi sanitar itkilərə görə nisbət hazırda təxminən 1-ə 3-dür. Həlak olanlara görə isə bizim üçün bir az daha yaxşıdır. Çünki bizdə sağ qalan yaralıların faizi xeyli böyükdür. Ruslarda isə yaralıların xeyli hissəsi demək olar ki, dərhal həlak olanlara çevrilir”, – Diki əlavə edib.
Ekspert bildirib ki, itkilərin 1-ə 3 nisbəti yaxşı göstərici olsa da, Ukrayna üçün kifayət deyil.
"1-ə 3 – sanki yaxşıdır. Amma bizə 1-ə 5, hətta 1-ə 8 lazımdır. Trampın dediyi kimi bir nisbət olmalıdır. O zaman bu, ordularımızın real say nisbətinə uyğun gələcək. Hələlik 1-ə 3 bir tərəfdən möhtəşəm nəticədir, çünki mən çox yaxşı başa düşürəm, bunun necə çətinliklə əldə edildiyini. Hər bir müdafiəçimizin və müdafiəçəmizin ön xətdə necə ağır iş gördüyünü anlayıram. Sənin başına bir şey gəlməzdən əvvəl azı üç "orku” sıradan çıxarmalısan. Amma reallıqda bizə daha çox lazımdır. Bizdə 1-ə 5, hətta 1-ə 10 da olub. Biz o nisbətə yaxınlaşmalıyıq”, – Diki izah edib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Ukrayna Rusiya ilə müharibədə azı 600–700 min nəfər itirib. Rusiyanın itkilərini isə təxminən 800 min hərbçi kimi qiymətləndirmişdi.
Artıq 1 avqustda ABŞ prezidenti bildirib ki, ilin əvvəlindən Rusiya müharibədə 112 min əsgər itirib. Ukraynanın itkiləri isə Trampın sözlərinə görə, itkin düşənlər və mülki şəxslər nəzərə alınmadan 8 min nəfər təşkil edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər