Xəbər lenti

Sərhədlərin birləşdiyi nöqtə və ya dünyanın danışdığı Zəngəzur dəhlizi -
Siyasət 11:32 26.08.2025

Sərhədlərin birləşdiyi nöqtə və ya dünyanın danışdığı Zəngəzur dəhlizi - "Hürriyet" Ordubadda

"Hürriyet" qəzetinin yazarı Musa Kesler Azərbaycan, Ermənistan, İran, Türkiyə və ABŞ-ın gündəmində olan Zəngəzur dəhlizinin keçəcəyi bölgəyə səfər edib, marşrutu yaxından izləyib. 

Qaynarinfo onun səfərlə bağlı yazısını təqdim edir:

"Hələ işə başlanmamış bu nöqtədə Naxçıvan-Ermənistan-İran sərhədləri kəsişir. Sovet dövründən qalan dəmir yolu isə hələ də durur.

Sərhədlərin qovuşduğu kənd

Türkiyənin ən şərqindən Naxçıvanın şərqinə getmək üçün əvvəlcə İğdıra uçdum, sonra Naxçıvana keçdim. Pasport lazım olmadı, şəxsiyyət vəsiqəsi ilə sadə prosedurlardan sonra keçid mümkündür. Məqsədim Ordubadın Kotam kəndinə çatmaq idi. İğdırdakı Dilucu sərhəd qapısından Ordubada təxminən 200 kilometr məsafə var. Meyvə bağları ilə zəngin yaşıl düzənliklərdən keçən yol, irəlilədikcə bozqır mənzərəsinə çevrilirdi. Hərdən Araz çayı və köhnə dəmir yolu da görünürdü.

Kotam kəndinə çatdıqda İran, Ermənistan və Naxçıvan sərhədlərinin bu nöqtədə birləşdiyi məlum olur. Araz çayı təbii sərhəd rolunu oynayır. Zəngəzur koridorunun Naxçıvandan Ermənistana giriş nöqtəsi də məhz buradır. Sovetlərdən qalan dəmir yolu Qarabağ və Ermənistanın Mehri bölgəsindən keçərək Kotama, oradan isə Naxçıvana uzanır.


Ordubadda da Qarabağ şəhidlərinin xatirəsi yaşadılır. Şəhidlərin xatirə abidələrində Türkiyə və Azərbaycan bayraqları birlikdə dalğalanır

Sovetdən qalma dəmir yolu

Koridora adını verən Zəngəzur dağları kənddən 15-20 kilometr aralıda yerləşir. Şimaldan cənuba uzanan bu dağ silsiləsi Naxçıvanla Ermənistan arasında keçilməz təbii baryer təşkil edir. Yeganə keçid yeri Mehri düzənliyidir. Sovetlər dəmir yolunu məhz buradan çəkmişdilər. Həm yol, həm də tünellər bu günədək qalır. Koridor açılsa, ya həmin yol bərpa ediləcək, ya da ona paralel yeni xətt salınacaq.

Sərhəddə gərgin müşahidə

Kotamda sərhəd nöqtəsi olduqca həssasdır. Qarşı tərəfdə Ermənistanın İrana açılan Aqarak gömrük-keçid məntəqəsi yerləşir. Arazı keçən erməni maşınları sərhədyanı yolla İrana daxil olur. İran tərəfinin nəzarət qüllələrindən isə bütün hərəkət müşahidə edilir. Mən orada olarkən təxminən 500 metr məsafədəki iranlı əsgərlər də məni izləyirdi. Yaxınlıqda Naxçıvan sərhədçiləri, bir qədər aralıda isə erməni postları görünürdü.

Xalqın gözləntisi



Ordubad qədim tarixə malik abad bir yerdir. Çayxanalarda ağsaqqallar koridorla bağlı xəbərləri maraqla izlədiklərini deyirlər. Həm ümidli, həm də ehtiyatlıdırlar. "Baxaq görək necə olacaq", deyə bildirirlər.

Beynəlxalq razılaşma

Türkiyə bu dəhlizi Azərbaycan və Orta Asiyadakı türk dövlətləri ilə birbaşa quru bağlantısı kimi görür və strateji əhəmiyyət verir. İran isə layihəyə qarşı çıxır. Ermənistan ABŞ-ın keçmiş prezidenti Donald Trampın vasitəçiliyi ilə mövqeyini dəyişib. 8 avqustda Trampın təşkilatçılığı ilə Ağ evdə İlham Əliyev və Nikol Paşinyan koridorla bağlı ilkin razılaşma imzalayıblar. Layihəyə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adı verilib.

Ordubadın məşhur limonu



Naxçıvanın meyvələri arasında Ordubad limonu xüsusi şöhrətə malikdir. İri ölçülü, sulu və şirinməzə dadı ilə seçilir. Tək-tək satılır və qiyməti ən azı 5–6 manatdır. Çayxanalarda limon ayrıca sifariş olunur və əlavə ödəniş tələb edilir. Çaya bəzən kəklikotu da qatılır ki, daha sərinləşdirici təsir göstərsin.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->