Xəbər lenti

Yoldaş Ziadın ölümü...
Məmməd SÜLEYMANOV
Dünya 16:53 15.08.2025

Yoldaş Ziadın ölümü...

Livan avqustun əvvəlində Ziad Rahbani ilə vidalaşdı. Dünya şöhrətli bəstəkar, dramaturq, ssenarist, fortepiano ifaçısı, aktyor və Sol siyasətçinin 69 yaşında ürək tutmasından ölümü ilə son 50 ildə davam edən siyasi burulğanların içərisində çalxalanan Livan tarixinin əhəmiyyətli bir dövrü qapandı.

Şöhrəti Livanın sərhədlərini çoxdan aşmış Rahbani çox məşhur bir ailənin övladı idi. Atası Assi Rahbani müasir ərəb pop-musiqisinin banilərindən biriydi. Anasının da xüsusi təqdimata ehtiyacı yoxdur - Feyruz ərəb dünyasının ən məşhur müğənnilərindəndir və onu çox vaxt "Livan millətinin anası” adlandırırlar.

Ziad Rahbani çoxkonfessial Livanın beynəlmiləlçi dəyərlərini özündə hifz etmiş nümayəndəsi idi. 1976-cı ildə Vətəndaş müharibəsinin qanlı epizodu - xristian milislər tərəfindən Tel-Zaatar düşərgəsində fələstinlilərə və Solçulara qarşı törədilmiş qətliam onun siyasi baxışlarını formalaşdırdı. Həmin qətliamda öldürülənlərin sayı bu gün də dəqiq məlum deyil - 3-4 min nəfər arasında. Və xristian-maronit ailəsində böyümüş Ziad o hadisədən sonra Livan kommunist partiyasına üzv oldu. Kommunizmə inamını ömrü boyu saxladı. Ötən il verdiyi telemüsahibədə aparıcı ondan soruşur: "Sizə necə müraciət edək?” Və Ziadın cavabı: "Yoldaş Ziad kimi”. Anası Feyruz kimi Ziad da antiimperialist idi, Livanın dini və hərbi elitasının əleyhinə çıxışları ilə tanınırdı. 2014-cü ildə isə Livanı tərk edərək Rusiyaya köçəcəyini söyləmişdi - Yaxın Şərqin kommunistlərində hələ də Putin Rusiyasını SSRİ-yə bənzətmək kimi səhv fikir qalmaqdadır.

Onun siyasi baxışları çoxlarının xoşuna gəlməyə bilərdi, ancaq musiqi və ədəbiyyatdakı xidmətlərini hətta siyasi düşmənləri də dana bilmirdi. Livan prezidenti Jozef Aun onu "Ədalətsizliyə qarşı üsyan edən vicdanın səsi” adlandırdı. Vida mərasimində 90 yaşlı Feyruzu prezidentin qızı müşayiət edirdi. Mədəniyyət naziri Həsən Salamenin sözlərinə görə, Ziad Rahbani Livan cəmiyyətini və onun haraya doğru getdiyini hamıdan yaxşı başa düşürdü. "Ziadın ölümü ilə Livan boşaldı, ancaq onun musiqisi və mahnıları qaldı”, - Salame əlavə etdi.

Onun valideynləri Livan musiqisinin idealizm və nostalgiyayla zəngin qızıl dövrünü təmsil edirdisə, Ziad özünün cəsarətli satira ilə dolu kompozisiyaları ilə Livanın xaos və ziddiyyətlərini göstərirdi. Sonralar deyəcəkdilər: Ziad Rahbani incəsənətin peyğəmbəri idi və ərəb dünyasının iflasını hamıdan əvvəl görə bildi. Məhz bu səbəbdən o, "Ərəb baharı”nın gətirəcəyi "Azadlığ”a inanmadı və Suriya müharibəsində Bəşər Əsədi müdafiə etdi. İqtisadi çöküş, kütləvi miqrasiya, Beyrutun "Şərqin mirvarisi”ndən dağıntılar yüvasına çevrilməsi, Livanın identikliyini itirərək Qərbin asılılığına düşməsi - bütün bunlar Ziadın hələ ötən əsrdə yazdığı mahnı və əsərlərin mövzusu idi. O, pyeslərində siyasətçilərin "vətənpərvər” nitqlərini ələ salırdı, mahnılarında onların xalqı necə bəzəkli şüarlarla aldatdıqlarını ifşa edirdi. Onun kəskin sosial pyesləri Vətəndaş müharibəsindən sonrakı nəslin peşmançılıq və ümidsizliyini əks etdirirdi. Pyeslərindən birində Ziad-aktyor səhnədən özünün teatr sənətinin kvintessensiyası olacaq cümləni səsləndirir:  "Deyirlər ki, sabah yaxşı olacaq, bəs bu gün barədə niyə susursuz?"

Onun musiqi sahəsindəki xidmətləri misilsizdir. Məhz Ziad Livan ənənəvi musiqisini caz, Qərb elektronikası və klassik musiqi ilə əlaqələndirdi. Bununla həm də mədəni riqidizm və cəmiyyətin köhnəlmiş siyasi strukturuna qarşı Qiyamını ifadə etmiş oldu. Məşhur valideynlərin övladı nəinki onların kölgəsindən çıxmağı bacardı, həm də öz üslubunu yaratdı. "Mənim musiqim Qərb yox, Livan musiqisidir, onun tamamilə fərqli özünüifadə üsulu var”, - Ziad deyirdi.

O, konformizmə və ədalətsizliyə qarşı müqavimətin simvolu idi. Çoxlarının deməyə qorxduqlarını deyirdi. Məzhəb bölgüsü və siyasi qarşıdurma içində olan ölkəsində Ziad Rahbaninin yaradıcılığı həmişə cəmiyyəti birləşdirməyə yönəlmişdi.

Ziad Rahbani gözlərini əbədi yumdu, ancaq onun sözləri və musiqisi sərt reallıqları qışqırmaqda davam edəcək. O, xalqının necə üzülüb yorulduğunu, keçmişə həsrətlə və alçaldıcı reallıqda yaşayacağını əvvəldən görürdü. Və burada söhbət yalnız Rahbaninin məxsus olduğu xalqdan getmir. Bu, qlobal trenddir.

Ziad Rahbani "tamaşa cəmiyyəti”ndə əsl incəsənətin güclü mübarizə vasitəsi və ideoloji silah olduğunu bir daha təsdiqlədi. Yetər ki, dinləyən qulaqlar və görən gözlər tapılsın...

Məmməd Süleymanov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->