Xəbər lenti

Trampla Alyaskada gözlənilən görüş Putinin böyük qələbəsidir - NYT
Dünya 10:10 15.08.2025

Trampla Alyaskada gözlənilən görüş Putinin böyük qələbəsidir - NYT

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşündən, onların münaqişəyə baxışlarının nə qədər fərqli olduğu nəzərə alınsa, Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılması istiqamətində ciddi irəliləyiş gözləmək çətindir. 

Lakin Qaynarinfo "The New York Times”a istinadla yazır ki, həm Rusiya, həm də Ukrayna Alyaskadakı görüşün özlüyündə Putin üçün böyük qələbə olduğunu, Rusiya liderini diplomatik böhrandan çıxardığını və ona ABŞ prezidentini şəxsən inandırmaq imkanı verdiyini qəbul edir.

Bununla yanaşı, Rusiyanın Qərbdə "arzuolunmaz” statusunun zəifləməsi ilə yanaşı, sammit NATO daxilində parçalanma yaradıb — bu isə Rusiyanın çoxdankı məqsədidir — və Trampın yeni sərt sanksiyalar tətbiq etmək hədəsini ertələyib.

"Putin sanksiyalar əvəzinə sammit əldə etdi, – deyə Rusiya üzrə ekspert və Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Ryhor Nijnikov bildirib. – Bu, sammitin nəticəsindən asılı olmayaraq, Putinin böyük qələbəsidir”.

Rusiyadakı Karnegi Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovayanın sözlərinə görə, Ukrayna üzrə sülh sazişi Putin üçün sammitin əsas məqsədi deyil. "Onun məqsədi Rusiyanın təkliflərini irəli aparmaq üçün Trampın dəstəyini qazanmaqdır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Putin üçün bu görüş "öz xeyrinə vəziyyəti dəyişmək və Ağ Evdə Kreml tərəfindən atəşkəs sazişinin yubadılması ilə bağlı artan narazılığı sakitləşdirmək üçün taktiki gedişdir”.

Sammit ərəfəsində, cümə axşamı Kremlin verdiyi məlumata görə, danışıqlara Ukraynadan kənar məsələlər də daxil ediləcək. Buraya ABŞ-la iqtisadi əlaqələrin bərpası və nüvə silahı ilə bağlı yeni sazişin müzakirəsi daxildir. NYT qeyd edir ki, silahla bağlı bu ideya Rusiyanın Ukrayna müharibəsini Şərqlə Qərb arasında daha genişmiqyaslı münaqişənin bir hissəsi kimi təqdim etmək yönündə çoxdankı cəhdlərinə uyğun gəlir.

Nə Ağ Ev, nə də Kreml onların hansı konkret sülh sazişini istədiyini açıq şəkildə bəyan etməyib. Lakin Tramp bildirib ki, bu saziş "müəyyən torpaq mübadiləsini” əhatə edə bilər. Bu kimi razılaşma, böyük ehtimalla, Kiyevdə ciddi siyasi böhran yaradacaq və Putinin çoxdankı məqsədlərindən biri olan Zelenskinin devrilməsinə şərait yaradacaq, – yazır nəşr.

"Ukrayna və ümumilikdə ən pis senari ondan ibarətdir ki, Putin ABŞ üçün məqbul olan, lakin Zelenskinin ölkə daxilində qəbul edə bilməyəcəyi bir təklif irəli sürsün”, – deyə politoloq Samuel Çarap bildirib.

Onun sözlərinə görə, bu, Trampı fevral ayında Ukraynaya qarşı tutduğu açıq-aşkar düşmən mövqeyinə qaytara bilər.

NYT-nin qeyd etdiyi kimi, təcrübəli manipulyasiya ustası Putin Alyaskada Zelenskini sülhə mane olan barışmaz tərəf kimi təqdim etmək üçün əlindən gələni edəcək.

"Tramp düşünür ki, Putinin gözlərinə baxıb anlaşma əldə edə bilər. O, öz danışıqlar qabiliyyətinə inanır, – deyə Nijnikov bildirib. – Problem ondadır ki, Putin bütün ömrü boyu bunu edib və sammitə Trampı manipulyasiya edə biləcəyi fikri ilə gedir”.

Eyni zamanda, Çarap deyir ki, "ərazi məsələsi siyasi baxımdan mühüm mövzudur, xüsusilə Ukrayna, amma həm də Rusiya üçün”.

Rusiyada siyasi sistem və əsas media üzərində möhkəm nəzarətinə baxmayaraq, Putin üçün daxili problemlər də var - xüsusilə torpaq məsələsi üzrə Trampın təklifinə bənzər mübadilə həyata keçirilərsə.

Artıq bu gün, 15 avqustda Tramp və Putinin Alyaskada görüşü gözlənilir. Rus mətbuatının verdiyi məlumata görə, görüş Kiyev vaxtı ilə saat 22:30-da tərcüməçilərin iştirakı ilə təkbətək söhbətlə başlayacaq.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp Putinlə danışıqlar zamanı Ukrayna və Rusiya arasında "müəyyən atəşkəs” əldə etməyə ümid edir. Bununla yanaşı, Tramp bəyan edib ki, əgər görüşdə Kreml lideri Putin atəşkəsə razılıq verməsə, "çox sərt nəticələr” olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->