Xəbər lenti

Könül Nuriyeva
Sənət 09:12 03.05.2025

"Marqo, səncə əlyazmalar yanırmı?"

…Axı sən kimsən?
- Mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir hissəsiyəm. Höte "Faust"...

Əsərin əsas ideyası nədir?

Əsərin əsas fəlsəfi ideyasını daşıyan cümləni və fikri yazımın adına qoymaqla demək istəyirəm ki, həqiqi sənət və ideya cismani olaraq məhv edilsə də, ruhani səviyyədə yaşamağa davam edəcək. Senzura və qorxu heç bir yaradıcılığın həqiqi gücünü öldürə bilməz. Bütün xaosun və ziddiyyətlırin içində gizli harmoniyanın olduğunu çoxdan dərk etmişəm. Bunu bildiyim gündən ruhum rahatdır. Bulqakov da əsərində bunu demək istəyib. 
O, şərin xeyir gətirdiyini, islahatların  xaosdan doğduğunu, ən böyük günahın qorxu olduğunu, sevginin təkcə bu dünyada yox, o biri dünyada da əbədi olduğunu, nicatın sevgidə olduğunu, insanların çoxunun qorxudan seçim edə bilməməsini, əsl həyatın sorğulanan yollardan keçməsini, yalanla yaşayan cəmiyyətin nəhayət öz daxilindən dağılmasını, xilasımız üçün həmişə yolun olmasını və aşağıda xırdalıqlarına qədər təhlil etdiyim dərin məsələləri bu gözəl əsərdə əks etdirib.

Əsərdəki obrazların bəziləri hansılardır?

Həmişə mənə elə gəlib ki, Bulqakovun soyuqqanlı təbiəti onun Masterinə keçib və Marqarita əsər boyu da, Masterlə qovuşanda da çox darıxır. Bir dəfə gülümsəməyən, az qala müəllifin də bunu obrazına yaşatmağı unutduğu Master kədərli biridir, haqqın carçısıdır, öz sükutdunda boğulub, üstəlik mübarizəsi ya zəifdir, ya da yoxdur. O yazıçıdır, əsrin əvvəlindəki Ponti Pilat haqqında roman yazır. Onun Ponti Pilatı da tənhadır, kədərlidir, haqqı nahaqqa qarışdırıb, ay işığı belə ona rahatlıq gətirmir. Özü ilə vuruşmaqdan yorulub, tükənib. Bəs bu boyda kədərli və depressiv insanların içində ağıllı, kiminsə içindəki riyakarlığı, kiminsə əsl insani dəyərini üzə çıxaran və Hötenin Mefistofelindən ilhamlanan, şər olmadan xeyrin mümkün olmasına inanmayan Voland və çılğın, aşiq, cəmiyyətin çərçivəsinə sığmayan, sevdiyi adamı qaranlıqdan qurtaran Marqarita - butün bu obrazlar kimlərdir, nə etmək istəyirlər?

Magik - realizm cərəyanına aid olan bu əsər modernizm, fərdi mənlik və qeyri-ənənəvi zaman axışı ilə irəliləyir.

Əsərin məzmunu haqqında

Əsər Moskvanın sakit küçələrinin birində başlayır və XX əsr rus ədəbi mühitinin ən gözəl əsərlərindən biri kimi ərsəyə gəlir. Az sonra Berliozun başı bədənindən ayrılacaq. Deyəsən, tramvayı Begemot sürməyə cəhd edəcək. İvan isə həm Volandın bu hadisəni əvvəlcədən danışmasına, həm Berliozun ölümünə şahidlik edəcək. Həmin gün şəhərə təmizləyici güc olan Voland gəlib. O bu əsərdə şər qüvvə deyil, dünyanın nizamı üçün tənzimləyici vəzifə daşıyır. Amma çoxu onun adını eşidən kimi şər düşünür. Maskaları cırmaq üçün gəlib. Sonrakı bölümlərdə onun təşkil etdiyi məclis və Marqonun baş rola dəvət edilməsi qadının mənəvi gücünün təsdiq olunması simvolunu daşıyır və bütün bunlar sonra olacaq. Həmin məclis insanın içindəki qorxu, güc, qurban dinamikasının rəmzidir. Mövcud sistemə güzgü tutur, cəmiyyətin şüuraltısının səsi olur, xeyir və şərin fövqündə duran güc olur. Burda Nitşenin fəlsəfəsi dövriyyəyə girir. Voland kimi metafizik varlıq cəmiyyətin əxlaqi zəifliklərini göstərir.

Sonra fikirləri və baxışları ilə vicdanlara toxunan İeşua keçən əsrlərdən bizə boylanacaq. O, Masterin işıqlı obrazıdır. O, insanların yaxşı olduğuna, hər kəsin xeyirxah olduğuna inanır. O, düşmənlərini bağışlayır, qürurludur. Bulqakov Masteri yaradır, Master İeşuanı və Ponti Pilatı. Ponti Pilat isə gücə sahibdir, lakin vicdanlı deyil, qərarsız liderdir, qorxusu və qəlbi arasında münaqişə yaşayır, Bulqakov əsərin sonuna kimi öz şəhərinə, öz qəhrəmanlarına, öz cəmiyyətinə, öz şeytanına rus soyuqqanlılığı ilə nəzarət edir və sahib çıxır. Amma Master qəhrəmanlarını yarıda qoyur, əsərini yandırır, yazmağın daşını atır, təzyiqlərə davam gətirməyib ruhi pozğunluq keçirir, hətta onu sevən qadını yanında saxlaya bilmir. Masterin əli-qolu sınıb, zehni dumanlanıb, Masssolit adlı ədəbi cəmiyyət onu iflic hala salıb, qorxur, dəli olur, xəstəxanaya düşür. Həyatda bəzən belə də olur, yazan yazdığından zəif olur, yazan yazdığına təslim olur, onun əsiri olur.

Mistik reallıqların  və tarixi həqiqətlərin iç-içə keçdiyi paralel aləmin olduğu romanın işığı əgər əsrin əvvələrində İeşua idisə, müasir cəmiyyətdə isə Marqodur. Marqarita sevgi və qüdrətin birləşmişm obrazıdır. Bulqakovun qadına yüksək dəyər verməsi onun paralel olaraq iki işığı yanaşı olaraq bizə təqdim etməsindədir. Biri kişi, biri qadın… Ola bilərdi ki, Bulqakov müasir dövrün qəhrəmanını da, mübariz və işıqlı simasını da kişi kimi yazardı. Amma etməyib, etmək istəməyib. Qadının bir insanın taleyində, bir yazıçının taleyində fədakar, Yunq arxitepinə uyğun olaraq mərd, cəsur, hər şeyini sevgi uğrunda qurban verən, eyni zamanda qorxaq olmayan biri kimi bizim diqqətimizə çatdırıb. 

Əsərin ortalarına doğru şəhər qaynar qazana dönür: Volandın keçirdiyi məzhəkə, insanların pul və var-dövlət hərisliyi üzündən lüt-üryan küçələrə tökülməsi, Yazıçılar İttifaqının ikiüzlü işçiləri, xırda obrazların adi söhbətləri, hamının təşviş içində olması, baş verən qəribə hadisələr, cəza verən və zərurət qarşısında sərt qərarlar təmsilçisi Azazello, klounabənzər, hiyləgər və çoxdanışan Korovyev və şərab içən, komik və satirik Begemotun etdiyi gülməli hərəkətlər, adamların başlarına açdığı oyunlar, xəstəxanada İvana həyatını danışan, yazaraq həqiqət axtaran, azadlıq axtaran, özünü təsdiq etməyə çalışan, böhran və sosial qınaq altında olan, özünüdərkə meyl edən Master və sevgidən vəcdə gələn, ənənəvi qadın rolundan çıxan, aktiv gücün əlaməti olan Maqonun cadugərə çevrilməsi…
 


Yazıçının bədii yolları

Eyni zamanda əxlaqi dilemma yaratmaq üçün sevgi və mərhəmət simvolu olan İeşua ilə söhbət edən və onu ölümə göndərən Ponti Pilat obrazları…

Bulqakov bu səhnəyə Maqronun kömək etdiyi, sakitləşdirdiyi uşağı, yəni məsumiyyəti gətirir. Yəni, bu iyrənc cəmiyyətdə uşaqlar, qadınlar və yazıçılar var, yəni onları xilas etmək olar, yəni onlar hələ çirklənməyiblər. Yəni, Voland bu şəhərə şeytan və pislik kimi yox, insanların əsl simalarını onlara göstərmək üçün göndərilib, yəni bir gün sən əsl kimliyinlə qarşılaşacaqsan və Allah bunun üçün öz mələyini yox, şeytanını da göndərə bilər. Yəni, Volandın dediyi kimi, yaxşılıq nəyə lazım olardı, pislik olmasaydı?

Əsər qarışıqdır, paralel iki dövrü əhatə edir, əsər mistikdir, əsər sevgi doludur, əsərdə güclü pessimizm və şən əhvali-ruhiyyə, yəni zarafatlar var. Əsər müasirdir, eyni zamanda keçmişdən xəbər verir.

Əsərin dərin alt mənaları var. Bulqakov bu əsəri ilə saf görünən çoxbilmiş uşaq kimidir. Guya ki, adi hadisələrdir, gündəlik müasir dünyada baş verir, amma əslində qatlar çoxdur, üst-üstə yığılıb və açmaq lazımdır.

Əsərin əsas ideyası xeyirlə şərin mübarizəsidir, sistemə qarşı fərdi azadlıq istəyidir, yalan, qorxu və ikiüzlülük içində yaşayan insanların satirik dillə ifşasıdır, ədalətli qərarlar verməyin bizim ixtiyarımızda olmasını göstərməkdir, hakim sinfin rüşvətxorluğuna qarşı ironiya və tənqiddir, dini və fəlsəfi məsələlərdir, real və mistik dünyanın toqquşmasıdır, həqiqi sevginin xilasedici gücüdür.

Əsər hansı dövrü əhatə edir və hadisələr harda baş verir?

Əsərdəki hadisələr 1930-1935-ci illər bürokratoya, satqınlar və riyakarlar şəhərinə çevrilən Moskvada baş verir və bütün satira və simvollarda Stalin  dövrünün tarixi reallıqlarına işarə edilir. Bu ədəbi cəmiyyətdə sənətkarlıq, yaradıcılıq yox, şəxsi maraqlar və şöhrətpərəstlik ön plandadır. Sovet cəmiyyətinin mənəvi çökməsini Volandın şəhərə gəlməsi göstərir, cəmiyyət sınağa çəkilir.

Paralel xətt olaraq isə Masterin yazdığı roman eramızın birinci əsrində Yəhudeya ərazisində Ponti Pilatın İeşuanı mühakimə etməsi nəql olunur.
Amma Bulqakovun İeşuası dini ideologiyadan çox əxlaqi simvol kimi verilir. Burada həqiqət, günah, bağışlamaq, vicdan, azad iradə kimi anlayışlar dərinləşir. Ponti Pilat vicdanı və vəzifəsi arasında qalmış gücsüzlüyün ifadəsidir. O qərarsızlıq və eqoizmin girovuna çevrilib. Əsərin sonunda onun cəzası əbədi tənhalıqla cəzalanması olur.

Əsərin fəlsəfi qatları

Əsərin fəlsəfi qatlarına diqqət yetirsək görərik ki, yaxşı və pis nisbi anlayışdır. İeşuanı yaxşılığı ölümə aparır, Volandın cəzası cəmiyyətin riyakarlığını önə çıxarır. Deməli, yaxşılıq və şər içimizdədir və əsas məsələ bizim hansını seçməyimizdir.

Digər fəlsəfi qat isə həqiqətlə bağlıdır. Müəllif "həqiqət susdurula bilər, amma yox edilə bilməz" fikrini irəli sürüb. Masterin romanını yandırması, özünün ağlını itirməsi və əsərin sonunda həqiqətin yenidən doğması, əsərin bərpası, sevgi və inamın onu xilas etməsi buna nümunədir.

Əsərdəki başqa fəlsəfi qat isə bağışlama və azadlıqla bağlıdır. Əsərin bütün qırılan nöqtələri bu mövzuda birləşir. İeşuanın Ponti Pilatl bağışlaması,  Masterin bağışlanması ilə ruhunun əzabdan azad edilməsi, Marqaritanın günahkar olması, yəni əri ola-ola başqa kişini sevməsinə və cadugər olmağa razı olmasına baxmayaraq, bağışlanması mövzuları buna sübutdur. Çünki o xeyirxahdır, ikiüzlü deyil, cəmiyyətə oxşamır.

İnsanın mənəvi azadlığı məsələsi də diqqət yetrilməsi lazım olan fəlsəfi məsələlərdəndir. Bulqakov gerçək azadlığın kənarda yox, insanın daxilində axtarılmasını demək istəyir. Masterin, Marqaritanın, Ponti Pilatın azadlıqları ruhlarının xilası ilə bağlıdır. Sovet dövrü isə senzura, yalan və qorxu ilə insanları boğurdu, ruhlar çarmıxa çəkilirdi.

"Sevinc və inam həyatın təməlini təşkil edən əsas yollardır" deyən müəllif insanın həyatında sevincin və inamın yerini sorğulayır. Sevgi isə bu əsərdə insanı sıravi varlıqdan qəhrəmana çevirir. Marqonun süpürgəsi ilə şəhərin üzərindən uçarkən qəhqəhə çəkməsi bu həyatın daha uşaq tərəflərinin olduğunu, daha şən, daha nağıl tərəflərinin olduğunu diqqətimizə çatdırır. Qadın gülür, şəhər dəyişir, talelər dəyişir.

Əsərin əxlaqi dərsləri

Dərin təfəkkür tələb edən bu əsərin əxlaqi dərslərini uzun müddət düşünmüşdüm: həqiqət gec də olsa, üzə çıxır, gizlədilsə də, bir gün öz yerini tapır və buna ən uğurlu misal Masterin yandırılmış romanının bərpası oldu.

Vicdan əzabının ruhun haqq səsi olduğu fikri hər güc sahibinin məsuliyyət daşıması ilə çarpazlaşır. Əsl cəzanın həbs deyil, vicdanla yaşamaq olduğunu oxucuya çatdıran bu əsər tələsmədən digər əxlaqi nəticəyə keçir. Bu, əsl sevginin qurban tələb etməsi məsələsidir. Bulqakov həqiqi sevginin istəmək yox, vermək olduğunu Moskvanın qarışıq mühitindən bir işıq kimi oxucuya çatdırır.

Riyakarlığın və yalanların cəmiyyətin tənəzzülü olduğunu müəllif yazıçılar birliyində, redaktor otaqlarında, idarəetmənin hər sahəsində əks etdirir. Daxili dürüstlüyün xarici uğurdan daha dəyərli olması digər əxlaqi nəticədir.

İnsanın yaxşılığa və bağışlanmağa layiq olduğunu önə çıxaran yazıçı insanın bir dəfə də olsa, səhv etdiyini və əgər peşman olubsa, bağışlanmalı olduğunu deyir.

Əsərdəki suallar

Əsəri bitirdikdən sonra xeyli düşündüm: xeyir və şər nədir, ədalət nədir, sevginin qurtarıcı gücü sərhədlərə sığırmı, sistem insanı necə məhv edə bilir, həqiqət nədir, azad iradə varmı?

Əsər mənə öyrətdi ki, şər olmasa xeyrin qiyməti bilinməz, ilahi ədalət dünyəvi ədalətdən fərqlidir, İeşua məhkum olsa da, sonsuz rəhmətlə azad olur, sevgi ruhani yüksəlişdir, Marqo Masteri mənəvi və fiziki azadlığa aparır, senzura, totalitarizm yazıçını məhv etsə də, onun ruhu əsərində yaşayır və nəticə olaraq bizi bu gün mənəvi yüksəlişə aparır. Həqiqət yazı, sənət və vicdanla bağlıdır, bunlar sistemin iradəsi ilə olacaq nəsnələr deyil. Rəsmi güclərin yox, vicdanın diqtə etdiyi anlayışlardır. Ölüm son deyil, hər günahkar mütləq cəzalanır, seçimlər mütləq nəticələr doğurur.

Könül Nuriyeva

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->