1979-cu ildə Sakit okeanın dibində faydalı qazıntıların dərinliklərdən çıxarılması üzrə eksperiment keçirilib. Aradan 44 il keçsə də, insan müdaxiləsinin nəticələri hələ də hiss olunur. Həyat bu əraziyə qismən qayıtsa da, əvvəlki vəziyyətinə hələ də dönə bilməyib. Bu pozuntuların okean ekosistemlərinə əsl təsiri hələ də tam aydın deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review” yazır.
1979-cu ildə "Ocean Minerals Company” şirkəti Sakit okeandakı Klarion-Klipperton zonasında faydalı qazıntıların dərinlikdən çıxarılması üzrə eksperiment aparıb. Məqsəd – dəniz dibi üçün nəzərdə tutulan mədən texnikasının işləkliyini yoxlamaq olub. Bu eksperimentin nəticələri "Nature” jurnalında dərc olunmuş elmi tədqiqatda araşdırılıb. Alimlər dərin okean ekosistemlərinin bərpa olunma potensialını qiymətləndirməyə çalışıblar.
Sakit okeanın mərkəzi hissəsində uzun illərdir faydalı qazıntılar, xüsusilə də strateji əhəmiyyətli nikel və kobalt çıxarılır. Lakin Klarion-Klipperton zonasında dəniz dibində unikal, yüksək uyğunlaşmış canlı növlər yaşayır və mədən işləri onlara ciddi zərər vura bilər. Üstəlik, eksperimentin aparılmasından 44 il keçməsinə baxmayaraq, mədən texnikasının izləri bu gün də olduğu kimi qalır.
"44 il əvvəl böyük, özügedən qazıntı aparatı tərəfindən qoyulmuş izlər bu gün də sanki dünən çəkilmiş kimidir”, – deyə London Təbiət Tarixi Muzeyinin elmi əməkdaşı və tədqiqatın müəlliflərindən biri olan doktor Adrian Qlover qeyd edib.
Bu izlərin qorunub qalması dərin dəniz mədənçiliyinin uzunmüddətli təsirini açıq şəkildə göstərir. Quru ekosistemlərindən fərqli olaraq, okean dibi çox yavaş bərpa olunur.
Bəzi bərpa əlamətləri isə görünür. Məsələn, xenofoioforlar (iri, amebaabənzər canlılar) kimi kiçik, hərəkətli orqanizmlər dağıdılmış sahəyə qayıtmağa başlayıblar – xüsusən də mədən kanallarının keçdiyi ərazilərdə.
Bu, həyatın həmin əraziyə qismən qayıtdığını göstərir. Lakin daha iri və sabit orqanizmlər, məsələn, dəniz dibinə yapışaraq yaşayan süngərlər hələ də əvvəlki sayda geri dönməyiblər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, bu qədər ləng bərpa prosesi sual doğurur: görəsən, ekosistemlər nə vaxtsa tam bərpa oluna biləcəkmi və bu, ümumiyyətlə mümkündürmü?
Qeyd olunur ki, 1979-cu il eksperimentində cəmi 0,4 kv.km sahə təsirlənmişdi. Halbuki yaxın gələcəkdə 70 min kv.km-lik ərazidə genişmiqyaslı mədən işləri planlaşdırılır. Bu nisbət ekoloji nəticələrin qiymətləndirilməsindəki çətinlikləri üzə çıxarır. Doktor Qlover bu haqda deyib:
"Bir kiçik pozuntunun nəticəsini götürüb onu bütöv ekosistemə və ya qlobal miqyasda ölçmək çətindir, bəlkə də mümkün deyil”.
O vurğulayıb ki, dəniz biomüxtəlifliyinə təsirin həqiqi miqyasını anlamaq üçün əlavə elmi araşdırmalara ciddi ehtiyac var. Çünki bu prosesin yaratdığı ekoloji risklər hələ də tam aydın deyil.
Dəniz dərinlikləri hələ də sirr olaraq qalır. Yeni tədqiqatların nəticəsinə əsasən, dənizlərin dərinliklərinin 99 faizindən çoxu insan üçün hələ də qaranlıq qalır. Halbuki məhz bu dərinlik sistemləri iqlim tarazlığı üçün həyati əhəmiyyət daşıyır – insan fəaliyyəti nəticəsində atmosferə atılan artıq istinin 90 faizini və karbon qazının 30 faizini məhz onlar udur.
Alpər
Şərhlər