Xəbər lenti

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verildi (YENİLƏNİB)
Foto 11:57 02.08.2025

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verildi (YENİLƏNİB)

Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.

"Report”un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.

Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdə bildirib ki, bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir.

"Bu əlamətdar addım, Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub", - nazir qeyd edib..

Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır: "Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilmiş və təxirəsalınmaz tədbirlər görüb.

Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə vermişdir. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı istiqamətində birgə səylərimizi davam etdiririk".

M. Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur.

"İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1,2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.

Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaqdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
 
10.10***

Bu gündən Türkiyənin Kilis şəhərində tarixi hadisə baş verəcək - ilk dəfə Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına start veriləcək. Bununla təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə açılacaq.

"Mavi yanacağ”ın ixracını şaxələndirən yol

İki ölkə arasında enerji diplomatiyasının əsası bu il aprelin 11-də keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya dövlət başçısı Əhməd Əl Şaraanın görüşündə qoyulub. İyulun 12-də isə Suriya Prezidenti Azərbaycana səfər edib. Bu zaman iqtisadi, xüsusilə enerji sahəsində tərəfdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Belə ki, Azərbaycan lideri suriyalı həmkarı ilə görüşdə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyini vurğulayıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd edib. Azərbaycanın Suriyanın enerji sektorunun bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.

İki ölkə liderlərinin görüşündən sonra İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin yüksək səviyyəli təmsilçiləri Suriyada səfərdə olub, ölkənin münaqişədən sonrakı bərpasına Azərbaycanın necə dəstək göstərə biləcəklərini öyrəniblər. Bu məqamda onu da qeyd edək ki, qaz ixracı iki ölkə arasında etimadın göstəricisinə və Azərbaycanın regional fəallığının yeni mərhələsinə çevrilir.

Yeni bazar, yeni strateji xətt

Hazırda Azərbaycan qazı əsasən Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. İndiyə qədər Azərbaycan 12 ölkəyə "mavi yanacaq” tədarük edib. Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkənin xarici ölkələrə təbii qaz tədarükü 25,77 milyard kubmetr təşkil edib. Bunun 9,81 milyard kubmetri Türkiyənin, 9,8 milyard kubmetri İtaliyanın, 3,27 milyard kubmetri isə Gürcüstanın payına düşüb. Bundan əlavə, Bolqarıstana 1,9 milyard kubmetr, Yunanıstana 927 milyon kubmetr qaz tədarük olunub.

Lakin Azərbaycan qaz tədarükü coğrafiyasında "qoca qitə” ilə kifayətlənmək niyyət deyil. Perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionu da nəzərdən keçirilir. Türkiyə vasitəsilə Suriyaya ixrac isə Azərbaycanın təbii qaz tədarükünün coğrafi baxımdan şaxələndirilməsində yeni istiqamət sayılır.

Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib ki, ölkəsi avqustun 2-dən Azərbaycandan gündəlik 3,4 milyon kubmetr qaz alacaq. Bununla isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal ediləcək. Azərbaycan "mavi yanacağ”ı bu ölkənin elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq. Bu da Suriyanın gələcək iqtisadi bərpasının təminatıdır.

Əlbəttə ki, bu həcmlər Suriyanın enerji infrastrukturunun yenidən qurulmasına, əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına birbaşa təsir göstərəcək. Son dövrlərdə müxtəlif münaqişələrdən ciddi zərər görmüş Suriya enerji baxımından ciddi çətinliklər yaşayır. Elektrik stansiyalarının bir çoxu fəaliyyət göstərmir, enerji istehsalının həcmi minimum səviyyəyə düşüb. Bu səbəbdən ölkə əhalisi və sənaye müəssisələri lazımi qədər elektrik enerjisi ilə təmin olunmur. Hazırda Suriyanın bəzi regionlarında elektrik enerjisi gün ərzində cəmi 3-4 saat ərzində verilir.

Odur ki, Azərbaycan qazı istiqamətdə problemi aradan qaldırmaqla yanaşı, Suriya üçün həm istehlak, həm də tranzit imkanları yaradır. Belə ki, Suriya ərazisindən keçən, lakin hazırda qismən dağılmış qaz infrastrukturu – məsələn, Suriyanı İordaniya ilə birləşdirən kəmər – bərpa olunacağı halda, Azərbaycan qazının hətta Misirə qədər tədarükü mümkündür.

Azərbaycanın mövqeyi güclənir

Azərbaycanın enerji strategiyası Avropa bazarları ilə yanaşı, Yaxın Şərqə də inteqrasiya olunmaqla fərqli istiqamətləri əhatə edir. Bu siyasət Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslaşdırılmış yanaşmasının tərkib hissəsidir. Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi çıxış edir.

Ölkənin qaz ixracı üzrə ümumi strateji məqsədi 2027-ci ilədək illik 20 milyard kubmetrdən çox ixraca nail olmaqdır. BP və digər tərəfdaşlar "Şahdəniz” yatağında əlavə qazma işləri ilə bu məqsədə dəstək verməyə hazırlaşırlar. Bu hədəfə çatmaq üçün həm texniki, həm də siyasi baxımdan yeni bazarların açılması vacib amildir.

Beləliklə, Azərbaycanın Suriyaya qaz ixracı yalnız iqtisadi addım deyil. Bu, həm də regionda siyasi etimadın və sabitliyin dəstəklənməsinə yönəlmiş strateji aktdır. Bakı Suriyanın bərpa və inkişafına töhfə verməklə yanaşı, yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır.

Bundan başqa, Azərbaycanın elektrik enerjisi istehsal potensialı da yeni ixrac istiqamətləri üçün imkanlar açır. Yaxın gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür.

Bir sözlə, Azərbaycan qazının Suriyaya ixracı ilə Bakı regionda enerji diplomatiyasının güclü iştirakçısı olduğunu bir daha təsdiqləyir. Bu layihə Azərbaycanın regional nüfuzunu artırmaqla yanaşı, Yaxın Şərqdə iqtisadi əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə dəstək verir. Azərbaycan təkcə enerji təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz yerini möhkəmləndirir.//Report

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->