Azərbaycanda 2025-ci il mayın 15-dən qüvvəyə minmiş yeni qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün şirkətlər və təşkilatlar öz benefisiar mülkiyyətçiləri barədə dəqiq məlumatları təqdim etməyə məcbur olacaq.
Yeni qanunvericilik dəyişikliyi ilə hüquqi şəxslərin arxasında dayanan əsl sahiblərin kimliyi, onların şirkətlərə necə nəzarət etdiyi və bu fəaliyyətlərdən necə gəlir götürdüyü aydın şəkildə müəyyənləşdiriləcək. Qanun bütün ölçüdəki şirkət və təşkilatlara şamil olunur.
"Benefisiar mülkiyyətçi" anlayışı həmin şirkətə sənəd üzərində deyil, faktiki olaraq nəzarət edən, qərarları qəbul edən və gəlir əldə edən fiziki şəxs və ya şəxsləri əhatə edir. Məsələn, bir şirkətin rəsmi sahibi A şəxsidir, lakin real nəzarəti və gəliri B şəxs alırsa, B benefisiar mülkiyyətçi sayılır.
Yeni tələblərə əsasən, benefisiar mülkiyyətçi aşağıdakı şəxslər hesab olunur:
Hüquqi şəxsin payçısı – əgər şəxs şirkətin 10 faiz və daha çox nizamnamə kapitalına və ya səsvermə hüququna malikdirsə;
Dolayı nəzarət edənlər – şirkətə vasitəçilər vasitəsilə nəzarət edənlər;
Müqavilə ilə təsir göstərənlər – rəsmi pay sahibi olmasa da, hüquqi əsasla qərarlara təsir edənlər;
Rəhbər şəxslər – benefisiar müəyyən edilmədikdə şirkətin icraçı direktoru və ya digər rəhbər şəxslər;
Xarici qurumlarda – təsisçilər, idarəçilər və effektiv nəzarət edən şəxslər.
Şirkətlər bu məlumatları ad, soyad, doğum tarixi, vətəndaşlıq, ünvan və şirkətə təsir imkanları daxil olmaqla aidiyyəti dövlət qurumlarına təqdim etməlidirlər. Həmçinin, əgər şəxs siyasi vəzifəli şəxslə qohum və ya yaxın əlaqədədirsə, bu da göstərilməlidir.
Məlumatlar ictimaiyyət üçün açıq olmayacaq, yalnız dövlət qurumları bu bilgilərə çıxış hüququna malik olacaq. Maliyyə monitorinqi orqanı təqdim olunan məlumatları yoxlamaq səlahiyyətinə malikdir və şübhə yarandıqda əlavə sənədlər tələb edə bilər.
Yeni şirkətlərin qeydiyyatı zamanı da benefisiar mülkiyyətçilər barədə ətraflı məlumat verilməsi məcburidir. Bu, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun çərçivəsində qəbul olunub və beynəlxalq maliyyə təhlükəsizliyi standartlarına uyğunluq məqsədi daşıyır.
Məlumat təqdim etmə tarixləri:
- İri sahibkarlar – 31 dekabr 2025;
- Orta sahibkarlar – 30 iyun 2026;
- Kiçik sahibkarlar – 31 dekabr 2026;
- Mikro sahibkarlar – 31 dekabr 2027;
- Qeyri-hökumət təşkilatları və dini qurumlar – 30 iyun 2026.
Məlumat təqdim etməyən hüquqi şəxslər üçün cərimələr nəzərdə tutulur.
Şərhlər