Xəbər lenti

Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi - Həll yolu varmı?
Sağlamlıq 11:45 05.08.2025

Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi - Həll yolu varmı?

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində - xəstəxana və poliklinikalarda tibbi arayış almaq böyük problemə çevrilib. Bu səbəbdən xəstəxanalarda uzun növbələrin olması artıq hamıya məlumdur. Vətəndaşlar bildirirlər ki, bir arayış almaq üçün günlərlə xəstəxana növbələrində gözləsələr də, həkim qəbuluna düşməkdə çətinlik çəkirlər.

Məsələn, yaxın günlərdə bir vətəndaş sosial şəbəkədə yazıb ki, uşağını bağçaya qoymaq üçün ondan tibbi arayış tələb olunub. Arayışı almaq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ana səhər saat 9-da xəstəxanaya çatanda özünü 1780-ci sırada görüb. 1 yaşlı körpə ilə uzun növbəni gözləyə bilməyən ana məcburiyyət qarşısında qalaraq evə qayıdıb.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, körpələrin xəstəxanalarda uzun müddət növbədə qalması yolverilməzdir:
 


"Bütövlükdə İcbari Tibbi Sığorta sisteminin problemi ondadır ki, bu sistem qurularkən heç bir məsləhətləşmə aparılmadı, proses imperativ qaydada həyata keçirildi. Nə randevu, nə də infrastruktur sistemi yaradıldı. Sadəcə əhaliyə müəyyən izahatlar verildi, vəssalam. Nəticə isə göz qabağındadır – körpə uşaqlar bir arayış almaq üçün xəstəxanalarda gözləyirlər".

Adil Qeybulla təəssüf hissi ilə vurğulayıb ki, hələ də randevu sistemi qurulmayıb:

"Əgər bu gün uşaq uzun müddət xəstəxanada növbədə qalırsa, bu artıq sistemin düzgün işləmədiyini göstərir. Yaxşı olardı ki, Avropa ölkələrində olduğu kimi ailə həkimi institutu yaradılsın. Düzdür, bizdə sahə həkimi var. Məncə, analizlərdən sonra uşağın arayışı elektron qaydada verilməsi daha məqsədəuyğun olar. Görüləsi işlər çoxdur və bunların həlli əslində asandır. Təəssüf ki, hər şey olduğu kimi qalır. Fakt budur”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->