Böyük Britaniya Rusiya tərəfindən birbaşa hərbi hücuma məruz qalacağı təqdirdə ilk günlərdə atacağı addımları müəyyən edən yenilənmiş "Vətənin müdafiə planı” çərçivəsində gizli hazırlıqlar aparır.
Qaynarinfo bu barədə "The Telegraph”a istinadla xəbər
verir.
Rəsmilərə son 20 ilin fövqəladə hallar planlarını yeniləmək tapşırılıb. Həmin planlar Rusiya tərəfindən mümkün hücum təhlükəsi fonunda ölkəni hərbi hazırlıq vəziyyətinə keçirməyi nəzərdə tutur.
Gizli sənəddə hökumətin müharibə elanına necə reaksiya verəcəyi, hökumət və kral ailəsi üçün sığınacaqlar, dövlət yayımının təşkili, ehtiyatların toplanması kimi məsələlər əhatə olunacaq.
Britaniya nazirləri hesab edirlər ki, ölkə yalnız döyüş meydanında Rusiya və onun müttəfiqlərinə uduzmaq təhlükəsi ilə deyil, daxildə də hazırlıqsız və zəif müdafiə olunmuş vəziyyətdədir.
Kreml Ukraynaya dəstəyi səbəbilə Britaniyaya bir neçə dəfə birbaşa hücum ilə hədələyib.
Ekspertlər xəbərdarlıq ediblər ki, ölkənin təbii qaz terminalları, sualtı rabitə kabelləri, atom elektrik stansiyaları və nəqliyyat qovşaqları daxil olmaqla kritik infrastruktur obyektləri hücumlara qarşı zəifdir.
Yeni müdafiə planında Britaniyanın adi raketlər, nüvə başlıqları və kiberhücumlarla vurulması senariləri nəzərdən keçiriləcək. Qeyd olunur ki, sonuncu dəfə bu cür genişmiqyaslı plan yenilənəndə – 2005-ci ilə qədər – bu təhdidlər hələ bu qədər ciddi deyildi.
Plan Nazirlər Kabinetinin Davamlılıq İdarəsi tərəfindən hazırlanır və baş nazir və nazirlər üçün müharibə dövründə idarəetmə üzrə təlimatları, o cümlədən Londonda, yaxud ölkənin başqa yerindəki sığınacaqlarda gizlənmə vaxtını müəyyən edəcək.
Hərbi strategiyaların dəmir yolu və avtomobil yolları şəbəkəsi, gəmilər, poçt sistemi və telefon xətləri üzrə də hazırlanacağı gözlənilir. Sənədin onilliklər ərzində ictimaiyyətə açıqlanmayacağı ehtimal olunur.
Nazirlər Kabineti artıq düşmən dövlətin eyni vaxtda raket və kiberhücumlar həyata keçirdiyi senari üzrə plan hazırlayıb.
2024-cü ilin yanvarında dərc olunan risk qiymətləndirməsi göstərib ki, belə hücum mülki şəxslərin və fövqəladə xidmət əməkdaşlarının ölümünə, böyük iqtisadi itkilərə və həyati əhəmiyyətli xidmətlərin pozulmasına səbəb ola bilər.
Müdafiə sahəsi rəsmiləri Britaniyanı İsrailin "Dəmir Qübbə” sisteminə bənzər bir raketdən müdafiə sistemi hazırlamağa çağırıblar.
Bundan əvvəl, Kral Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirmişdi ki, əgər Ukraynada müharibənin ilk gecəsi Britaniyada baş versəydi, Rusiya raketləri Britaniyanın müdafiə sistemini yarıb keçər və infrastruktur obyektlərini məhv edərdi.
Xüsusilə qaz terminalları və beş atom elektrik stansiyası ilə bağlı narahatlıq var. Hökumətin qiymətləndirməsinə görə, bu obyektlərə zərbə bütün ölkə üzrə radioaktiv maddələrin yayılmasına və təhlükəsizlik, sağlamlıq, ətraf mühit və iqtisadiyyat üçün uzunmüddətli fəsadlara səbəb ola bilər.
Yeni plan soyuq müharibə dövründə hazırlanmış gizli "Müharibə Kitabı” əsasında qurulub. O kitab hökumətin nüvə hücumuna necə reaksiya verəcəyini müəyyən edirdi və sonradan Milli Arxivdə dərc olunmuşdu.
Həmin sənəddə baş nazir və əsas hökumət üzvlərinin Kotsvold bölgəsindəki sığınacağa təxliyə olunması, kraliça II Elizabetin isə kral yaxtası ilə ölkədən çıxarılması planlaşdırılmışdı.
Planlaşdırma prosesi nazirlərin yaxın həftələrdə Müdafiənin Strateji İcmalını dərc etməyə hazırlaşdığı vaxtda gedir. Bu icmal Britaniya ordusunun hazırkı vəziyyətini əhatə edəcək.
Müdafiə Nazirliyi bildirib ki, sənəddə daxili təhlükəsizliyin gücləndirilməsi üzrə variantlar, o cümlədən daha güclü raketdən müdafiə sisteminin hazırlanması məsələləri də nəzərdən keçiriləcək. Həmçinin illərlə davam edən hərbi personal azalmalarından sonra Silahlı Qüvvələrin müharibəyə hazırlıq səviyyəsi də qiymətləndiriləcək.
Arxa plan:
Baş nazir Kir Starmer 25 fevralda bildirib ki, 2027-ci ildən etibarən Böyük Britaniyanın beynəlxalq yardımlar üçün ayırdığı vəsait ÜDM-in 0,5%-dən 0,3%-ə endiriləcək. Bu dəyişiklik müdafiə xərclərinin artırılmasını maliyyələşdirmək üçün nəzərdə tutulur. Beləliklə, ölkənin müdafiə xərclərinin ÜDM-in 2,5%-nə çatdırılması planlaşdırılır.
Analitiklərin fikrincə, bu addımlar Avropanın digər dövlətlərində də oxşar hərbi hazırlıq tədbirlərinə təkan verə bilər.
Alpər
Şərhlər