(III hissə)
Axşam üstü hava qaralmamış proqramist Elgün əlində iş çantası Dəmirgilin evinə gəlib çatdı. Darvazanın balaca qapısını döyər-döyməz Dəmir içəridən qapını açdı və səbirsizcəsinə:
- Allah saa insaf versin, gəl çıx daa, az qalırdı Aygün xalan proqram yükləyə buna – deyib gülərək həyətdə dayanmış robota işarə elədi.
- Narahat olma, ay dayı, - Elgün gülərək ona ürək-dirək verdi - bu saat hər şeyi yoluna qoyacağıq, sabah sənin sehirli çobanın dağlara səs salacaq ee! Elə çox işimiz olmayacaq, qaranlıq düşsə də həyətin işığını yandıracaqsan, bizə bəs eləyəcək.
Elgün tut ağacının dibində dayanmış robota yaxınlaşdı və özü ilə gətindiyi çantanı açdı. Sonra robotun kürəyinə birləşdirdiyi uzun şnurun bir ucunu Dəmirə verib dedi, bunu toka tax. Dəmir sevinmiş razetkaya tərəf qaçdı. Az keçməmiş robotun başında led işıqlar yandı. Elgün onun proqramının üstündəki qapağı açaraq Dəmir kişini yanına çağırdı:
- Gəl bax, biz əvvəlcə ona öz adını deyəcəyik, sonra sənə necə müraciət eləməlidi – onu yükləyəcəyik, sonra qoyunları və inəyi buna tanıdacağıq.
Əvvəlcə de görüm, sənə necə müraciət eləsin: əmi, dayı, qardaş, yoxsa əmoğlu, hansını istəyirsən?
Dəmir çaşqın halda:
- Məsiminki nə deyir Məsimə? – soruşdu.
- Məsim dayı dedi qoy, mənə "ey mənim sahibim” desin, elə də yüklədim.
Dəmir gülərək: - Ayə, "sahibim” nədi, quldarlıq dövrü-zaddımı? – dedi, - qoy, "ay dayı” desin.
Elgün onları kənardan dinləyən Aygün xanıma da gənəşdi:
- Aygün xala, Robik Dəmir dayıya "ay dayı” deyəcək, yaxşıdımı?
Aygün gülərək dərhal razılaşdı:
- Yaxşıdı, başına dönüm, qoy dayı desin, adamların yanında da belə deməsi yerinə düşər. Qoy, mənə də "Aygün xala” desin, bəsimdi.
- Çox gözəl! Öz adını da tanıtdım: Robik! Çox bəyənir. İndi gedək mallarla Robiki tanış eləyək ki, axşam olanda özgəsinin heyvanını qabağına qatıb evinizə gətirməsin. İndi qoşuram, onunla danışacağıq – deyib, Elgün Robikdən soruşdu: - Sənin adın nə oldu?
Robotdan qeyri-adi səs gəldi:
- Mənim adım Robikdir! Hər birinizi xoş gördük, sizi salamlayıram!
Elgün Dəmirlə Aygünü göstərib ondan soruşdu:
- De görüm bunlar kimdir?
Robik dərhal: - Dəmir dayımla Aygün xalamdı, - dedi.
Onlar Robikin istiqanlılığına xeyli gülüşdülər.
Elgün Robikin əlindən tutub: - Gedək qoyunları və inəyi də yaddaşına al, sənin günün onlarla keçəcək – dedi.
Robik: - Gedək! – deyib onlarla tövləyə tərəf getdi.
***
Birazdan onlar həyət işığını yandırıb dördlükdə tut ağacının altında çay süfrəsində əyləşmişdilər. Aralarındakı söhbətin məğzində əsasən, verilmiş xəritə üzrə Robikin dağları, yamacları tanıması, kənd adamları ilə tanış olması, heyvanlarla yaxşı rəftar etməsi, qoyunları vəhşi heyvanlardan qoruması dururdu. Onlar söhbət elədiyi ərəfədə həm də Robik sabah üçün özünə enerji yığırdı. Elgün Robikin bir çox qeyri-adi bacarıqlarını sadalayaraq onun son model robotlardan olduğunu deyirdi. Onun dediyinə görə ehtiyac yaranarsa Robik dördayaqlı heyvana çevrilərək istənilən canavarın, yaxud pələngin arxası ilə zəhmli səslər çıxararaq qaça bilir. Dəmir təccüblə ona baxıb:
- Doğrudan? Necə edir bunu? – soruşdu.
Robik dərhal ayağa qalxaraq: - Dəmir dayı, istəyirsən göstərim! – dedi.
Dəmir: - Göstər görüm, Robik, göstər ee! – deyə şən səslə təkid elədi.
Robik qeyri-adi səslər çıxararaq əllərini yerə gətirdi və eynən cəngəllik meymunları kimi durduğu yerdə atılıb-düşməyə və qəfil cingiltili səslər çıxararaq sürətlə bağa tərəf, ordan da geri qaçmağa başladı. Sonra onların yanında ayağa dikələrək: - Necədi, dayı? Hələ dağlara dırmanmağımı görəsən! – dedi.
Robikin bu meymunluğuna heyran qalmış üçlük əl çalaraq onu alqışladılar.
***
Sabah açılan kimi Dəmirlə Aygün xüsusi bir maraqla heyvanları tövlədən çıxarıb Robikin öhdəsinə buraxdılar. Robik peşəkar çobanlar kimi qısa fit səsləri buraxaraq qoyunları və inəyi üzü yamaclara, dağların ətəyinə sarı haylamağa başladı. Aygün təzə çobana arxasınca baxıb Dəmirə: - Deyirəm, adam az qalır bunun yoluna bir-iki soyutma yumurta, göy-göyərti, biraz da pendir-çörək qoya, - deyərək xeyli güldü. Aygünün bu zarafatına Dəmir də öz zarafatını əlavə elədi: - Gərək elə bir tədarük görəydin, yoxsa qorxuram çöldə aca, qayıdanda qonşunun toyuğunu oğurlaya! Ha-ha-ha-ha!
***
Axşam şər qarışan vaxtı Robiki qarşılamağa çıxan Dəmir öz qoyunlarının və Robikin sağ-sağamat, şən halda geri döndüklərini görüb çox sevindi. Robik ona çatan kimi şən səslə:
- Axşamın xeyir, Dəmir dayı, necəsən? Bax, mallarımız necə doyub, hər şey əla idi, dağlardan çox xoşum gəldi, çobanlığı sevdim! – söylədi.
Dəmir də onu salamlayaraq:
- Halaldı sənə, Robik, - dedi, - doğrudan da sən əsil çobansanmış!
Darvaza açılanda Aygün xanım Robikin üstünə yüyürdü:
- Bıy sənin qadan alım, a mənim balaca çobanım! – deyib onu əzizlədi.
Dəmir heyvanları tövləyə salmamışdan əvvəl tövlənin qarşısındakı geniş xalxala salıb çaxçaxı bağladı ki qoyunlar bağa keçməsinlər. Sonra geri, samovarlı stola tərəf qayıtdı. Təzəcə darvazanı arxadan bağlamışdı ki, çöldən dəmir qapı döyüldü. Çöldən Məsimin qəzəbli səsi gəldi:
- Ay Dəmir, Dəmiiiir, aç əəə, qapını!
Dəmir tələsik darvazanın işlək qapısını açdı:
- Ayə, bir içəri keç görək nə olub, bu nə hikkədi?
Məsim əsəbi halda:
- Hanı sənin o şərəfsiz robotun, hanı o cındır?..
(ardı var)
Murad Köhnəqala
Şərhlər