Ən böyük texnologiya şirkətləri kadr siyasətlərini köklü şəkildə dəyişərək süni intellekt (Al) texnologiyalarına üstünlük verirlər. Bu səbəbdən yeni əməkdaşların işə qəbulu yavaşıyıb.
Qaynarinfo xəbər verir ki, "Wccftech” nəşrinin məlumatına görə, "Intel”, IBM və "Google” kimi şirkətlər artıq minlərlə yeni vakansiyanı dondurub. Gözlənilir ki, qarşıdakı 5 il ərzində bu iş yerləri, Al vasitəsilə vəzifələrin avtomatlaşdırılması səbəbindən aktuallığını itirəcək.
Bundan əvvəl dünya İT nəhəngləri on minlərlə əməkdaşını ixtisar etmişdi. Lakin indi söhbət təkcə birbaşa ixtisarlardan deyil, həm də insan resurslarının idarə olunmasına yanaşmanın tamamilə yenilənməsindən gedir. Gündəlik, təkrarlanan işlər avtomatlaşdırılacaq, Al-ın hazırlanması və tətbiqi üzrə mütəxəssislərə isə tələbat artacaq.
IBM-in baş direktoru Arvind Krişna bildirib ki, yaxın illərdə şirkətdəki inzibati vəzifələrin 30 faizi Al tərəfindən əvəz oluna bilər. Bu tendensiya yalnız üç şirkətlə məhdudlaşmır: Dünya İqtisadi Forumunun araşdırmasına görə, dünyadakı işəgötürənlərin 41 faizi avtomatlaşdırma səbəbindən ixtisar planlaşdırır. Eyni zamanda, yeni texnologiyalar Al ilə işləmə bacarığı və strateji idarəetmə bilikləri tələb edən yeni vakansiyalar yaradacaq.
Texnologiya sahəsində ixtisarları izləyən "Layoffs” portalının məlumatına əsasən, 2025-ci ilin əvvəlindən bəri bütün dünyada 50 mindən çox İT mütəxəssisi işdən çıxarılıb. İxtisarlardan təkcə yeni işçilər deyil, illərlə təcrübəsi olan peşəkarlar da zərər çəkib.
Mütəxəssislər bildirirlər ki, əmək bazarı sürətlə dəyişir: bəzi peşələr yox olur, onların yerinə yeniləri gəlir. İşçilər üçün ən vacib bacarıq tez uyğunlaşmaqdır. Şirkətlər isə innovasiyaları tətbiq etməklə sosial məsuliyyət arasında balans tapmağa çalışırlar.
ChatGPT-nin yaradıcısı Sem Altmanın sözlərinə görə, məktəbi bitirdiyi dövrdə "aşkar taktika” yaxşı proqramlaşdırma bacarığı qazanmaq idi. Lakin indi ən düzgün strategiya Al alətlərindən yüksək səviyyədə istifadə etməyi öyrənməkdir.
Aydın
Şərhlər