İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən EcomX e-ticarət təlim və inkubasiya proqramı üç ay davam edən intensiv təlimlər nəticəsində 15 yeni e-ticarət biznesinin yaranması ilə yekunlaşıb.
Proqramın kulminasiya nöqtəsi 9 avqustda baş tutan Demo Day tədbiri oldu. Tədbirdə Bakı, Gəncə, Sumqayıt və Lənkərandan seçilmiş 21 layihədən 15-i investorlar, mentorlar və ekosistem nümayəndələri qarşısında ideyalarını təqdim etdilər. Müsabiqənin qalibləri – Letsblossom (fərdiləşdirilmiş menstruasiya abunəlik qutuları), İchgeyim (geniş çeşiddə iç geyim satışı platforması) və Tesbeh.al (müxtəlif dizaynlarda təsbehlərin hazırlanması və satışı) – hər biri 10,000 AZN mükafat qazanaraq bizneslərini genişləndirmək imkanı əldə ediblər.
EcomX proqramı Azərbaycanda ilk dəfə keçirilməsi ilə yanaşı, beynəlxalq proqramlarda iştirak etmiş təlmçi və mentorların dəstəyi ilə hazırlanmışdır. ecomX inkubasiya proqramının layihə rəhbəri Orxan Əhmədovun verdiyi məlumata əsasən; Fevral–aprel aylarında keçirilən "e-ticarətə giriş” təlimlərinə 780-dən çox müraciət daxil olmuş və 180-dən çox iştirakçı e-ticarətin əsasları, məhsul seçimi, rəqəmsal marketinq və platforma idarəçiliyi üzrə biliklər əldə etdikləri barədə sertifikatla təltif olunublar.. Daha sonra May ayında təşkil olunan ideaton mərhələsində 50-dən çox layihə arasından 21 perspektivli ideya inkubasiya proqramına qəbul olunub. May–iyul aylarında isə iştirakçılar 36 onlayn və 12 canlı tədbirdə məhsul inkişafı, hüquqi əsaslar, maliyyə planlaması və bazar strategiyaları üzrə təlimlər alaraq ideyalarını real bizneslərə çevirməyə nail olublar.
EcomX Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və regionlarda sahibkarlığın təşviqinə töhfə vermişdir. Proqram BONPARA şirkəti tərəfindən təşkil olunub və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SUPVC, Azərbaycan E-ticarət Birliyi, eləcə də .ini, epoint, brandmaker, cib.business və kargomat şirkətlərinin dəstəyi ilə həyata keçirilmişdir.
Proqramın uğurla başa çatması, Azərbaycanda e-ticarət biznesinə olan maraq və bu sahənin perspektivlərinin yüksək olduğunu bir daha təsdiq etmiş oldu. Təşkilatçılar ecomX proqramının növbəti mərhələsinin tezliklə elan olunacağı və yeni bizneslərin yaranmasına dəstək göstərəcəklərini qeye ediblər. EcomX proqramı nəticəsində yaranan 15 yeni biznes yerli və qlobal bazarda Azərbaycanın yeni nəsil sahibkarlarını təmsil edəcək.
Şərhlər