(Yazı "Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb)
2025-ci ilin yeni dərs ili ərəfəsində elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması ölkədə maariflənmə səviyyəsinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin təbliği və şagirdlərin fərdi bacarıqlarının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu proqramlar sadəcə əlavə fəaliyyət və ya təşviqat vasitəsi deyil, bütövlükdə məktəb mühitinin formalaşmasında, şagirdlərin dünyagörüşünün genişlənməsində və cəmiyyətə hazırlığında aparıcı rola malikdir. Bu səbəbdən onların tərtibində təcrübə, məzmun keyfiyyəti və pedaqoji çeviklik əsas prinsip olmalıdır.
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, elmi-kütləvi proqramlar şagirdlərə elmin gündəlik həyatla necə əlaqəli olduğunu nümayiş etdirməli, sadəcə məlumat ötürməkdən çox, təfəkkür formalaşdırmağa xidmət etməlidir:
"2025-ci il üçün bu proqramlar interaktiv formatda, STEAM yönümlü yanaşma, təcrübə və eksperimentə əsaslanan, həm də milli elmi irsimizi təbliğ edən çərçivədə dizayn edilməlidir. Məsələn, yerli alimlərin uğurlarını tanıtmaq, Azərbaycanın coğrafi və tarixi reallıqları ilə bağlı yerli tədqiqatçıların apardığı işləri sinif auditoriyasına daşımaq həm şagirdlərin marağını artıracaq, həm də onların gələcəkdə tədqiqata meyilliliyini təşviq edəcək. Mədəni-maarif proqramlarında milli kimlik, dil, ədəbiyyat və incəsənət aspektlərinə daha çox yer ayrılmalı, ancaq bu sahə yalnız keçmişə nostalji ilə deyil, müasir formatda təqdim olunmalıdır. İnteraktiv muzey dərsləri, teatr-sinif layihələri, şagirdlərin öz yaşadıqları mədəniyyət nümunələrini paylaşa biləcəyi açıq platformalar yaradılmalı, həmçinin regionların mədəni müxtəlifliyinə xüsusi diqqət verilməlidir”.
Ekspert hesab edir ki, maarifləndirmə təkcə məlumat təqdimatı ilə kifayətlənməməlidir:
"Eyni zamanda şagirdin sosial məsuliyyət hissini və vətəndaş düşüncəsini formalaşdırmalıdır. Burada mövcud təcrübədəki kimi yalnız tədbir protokolu xatirinə deyil, real nəticə doğuran, davamlı və ölçülə bilən layihələrə üstünlük verilməlidir”.
Kamran Əsədov təhsil proqramlarının hazırlanması zamanı mütləq şəkildə təhsil işçilərinin – müəllimlərin, metodistlərin, məktəb rəhbərlərinin və hətta valideynlərin iştirakının təmin olunmasının vacibliyini vurğulayıb:
"Bu proqramlar kabinetlərdə yazılmış və real məktəb mühitinə uyğunlaşmayan şablonlar şəklində deyil, bilavasitə məktəb həyatından doğan ehtiyaclar və praktik çətinliklər əsasında tərtib olunmalıdır. Müəllim bu proqramların yalnız icraçısı yox, həm də yaradıcı tərəfdaşı kimi tanınmalıdır. Belə iştirakçı yanaşma həm proqramların aktuallığını, həm də müəllimlərin ona olan motivasiyasını artıracaq”.
Ekspert əlavə edib ki, 2025-ci il üçün nəzərdə tutulan proqramlarda bir sıra yeniliklər və güzəştlər tətbiq olunmalıdır:
"İlk növbədə, məktəb proqramları ilə paralel və bir-birini tamamlayan şəkildə planlaşdırılmalıdır. Mövcud dərs yükünü artırmayan, lakin öyrənməni asanlaşdıran təlim texnologiyalarına əsaslanmalı, şagirdin "dərsdən əlavə yük” kimi deyil, "faydalı fürsət” kimi yanaşacağı formatda hazırlanmalıdır. Pandemiyadan sonrakı dövrdə rəqəmsal alətlərin əhəmiyyətini nəzərə alaraq proqramların bir hissəsi hibrid formada – onlayn və əyani komponentlər üzərində qurula bilər. Eyni zamanda, regionlara və məktəblərin infrastruktur fərqlərinə uyğunlaşdırılmış fleksibil modellər təqdim olunmalıdır. Sosial-iqtisadi cəhətdən həssas qruplar – aztəminatlı ailələrin uşaqları, əlilliyi olan şagirdlər və kənd məktəblərində oxuyan şagirdlər üçün xüsusi güzəştlər, dəstək mexanizmləri və iştirak təşviqləri nəzərdə tutulmalıdır. Məsələn, onların bu proqramlara cəlbi üçün nəqliyyat dəstəyi, qida təminatı və əlavə təlim materiallarının pulsuz verilməsi vacibdir. Beynəlxalq təcrübədə – xüsusilə Finlandiya, Estoniya və Cənubi Koreya kimi ölkələrdə məktəbdənkənar elmi-kütləvi fəaliyyətlər dövlətin təhsil strategiyasının ayrılmaz hissəsi kimi qəbul olunur və bu fəaliyyətlərin keyfiyyəti məktəb və müəllimlərin illik qiymətləndirilməsində nəzərə alınır”.
Kamran Əsədov qeyd edib ki, Azərbaycanda bu proqramların yalnız say göstəricisinə deyil, keyfiyyətinə və davamlı təsirinə fokuslanması vacibdir:
"Növbəti dərs ili üçün bu proqramlar sadəcə tədbirlər cədvəli deyil, pedaqoji və sosial inkişaf planı səviyyəsində hazırlanmalıdır. Əgər bu proqramlar məqsədyönlü şəkildə həyata keçirilərsə, onların nəticəsində təhsildə motivasiya artar, sosial bacarıqlar inkişaf edər, yaradıcı potensial üzə çıxar və cəmiyyətə faydalı, tənqidi düşünə bilən gənc nəsil formalaşar. Bu da bütövlükdə, Azərbaycanın gələcək inkişafında fundamental rol oynayar”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər