Almaniyanın xarici işlər naziri Yoxann Vadeful bildirib ki, İsrail və İran arasında artan gərginlik Ukraynadakı vəziyyəti diqqət mərkəzindən uzaqlaşdırsa da, Almaniya Ukraynanı unutmayıb.
Qaynarinfo xəbər verir ki, bu fikirləri o, "Spiegel” nəşrinə verdiyi müsahibədə
səsləndirib.
Nazirə verilən "İsrail-İran münaqişəsinin Ukraynaya diqqəti yayındırmasından narahat olub-olmaması” sualına Vadeful belə cavab verib:
"Bəli, əlbəttə. Biz Ukraynanı unutmuruq. Bu, həmçinin digər silahlı münaqişələrə və humanitar fəlakətlərə də aiddir — məsələn, minlərlə insanın həyatını itirdiyi Sudan və Cənubi Sudanda”.
Nazirin fikrincə, Qərb Moskva qarşısında nə qədər ardıcıl və prinsipial mövqe sərgiləsə, Vladimir Putinin danışıqlara başlama ehtimalı bir o qədər yüksələr.
"Bu o deməkdir ki, hərbi dəstəyi zəiflətməməliyik: biz Kiyevə yardım etməyə davam etməliyik. Bu, bizim azadlığımız üçün zəruridir”, – deyə Vadeful qeyd edib.
O əlavə edib ki, bu müharibənin hər bir əlavə günü dəhşətlidir.
"Avropalılar qətiyyətlidir, lakin əgər biz addımlarımızı ABŞ-la sıx koordinasiya edə bilsək, fəaliyyətimiz daha təsirli olacaq. Bu baş tutarsa, Putin çox tez danışıqlara hazır olacaq”, – nazir vurğulayıb.
Xatırladaq ki, bir gün əvvəl Çexiya Xarici İşlər Nazirliyi bildirmişdi: Rusiya artıq 100 gündür, Ukraynada qeyd-şərtsiz atəşkəs təklifini görməzdən gəlir.
Eyni kontekstdə Ukrayna XİN rəhbəri Andriy Sibiqa isə bəyan edib ki, "Ukrayna sülhə sadiq qalır, lakin Rusiya ABŞ-ın qətliamların dayandırılmasına yönəlmiş səylərini görməməzliyə vuraraq müharibəni seçməkdə davam edir”.
Alpər
Şərhlər