Xəbər lenti

Texnologiya 14:10 24.08.2025

"Google" bir sorğunun süni intellektdə nə qədər enerji və su sərf etdiyini açıqladı

Texnologiya nəhəngi "Google" ilk dəfə olaraq süni intellekt əsaslı köməkçisi "Gemini"nin enerji və resurs istifadəsi ilə bağlı ətraflı məlumat paylaşıb.

Qaynarinfo xəbər verir ki, bu addım son aylarda süni intellektin ekologiyaya təsiri ilə bağlı müzakirələrin artdığı bir dövrdə diqqət çəkib.

"Google"un hesablamalarına görə, orta hesabla "Gemini"yə edilən hər bir sorğu:

* 0,24 vatt-saat enerji
* 0,26 millilitr su (təxminən beş damcı) tələb edir.

Şirkət bu göstəricini mikrodalğalı sobanın bir saniyə işləməsinə bənzədir. Son 12 ayda sistemin səmərəliliyinin nəzərəçarpacaq dərəcədə artdığı, enerji izinin 33 dəfə, karbon izinin isə 44 dəfə azaldığı bildirilir.

Kaliforniya universitetinin dosenti Şaoley Ren hesab edir ki, "Google" məlumatları tam təqdim etmir. Onun sözlərinə görə, şirkət yalnız data mərkəzlərinin soyutma sistemlərində istifadə olunan suyu nəzərə alır. Halbuki, əsas su sərfi elektrik enerjisi istehsalında baş verir.

Ekspertin hesablamasına görə, bir sorğunun emalı əslində təxminən 50 millilitr suya başa gəlir. Bu rəqəm yalnız mətn sorğuları üçün keçərlidir; şəkil və video generasiyasında isə sərfiyyat daha da artır.

Texnologiya şirkətləri uzun müddətdir bu məlumatları ictimaiyyətlə bölüşməyə meylli deyillər. "Google"un açıqlamasından əvvəl yalnız "OpenAI"ın rəhbəri Sem Altman bu barədə rəy bildirmişdi. O, iyun ayında yayımladığı paylaşımda, orta ChatGPT sorğusunun təxminən 0,34 vatt-saat enerji sərf etdiyini qeyd etmişdi.

Ekspertlərə görə, süni intellektin ekoloji izi barədə tam şəffaflığın olmaması bu texnologiyaların dayanıqlılığı ilə bağlı suallar doğurur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->