"Masallı rayonunda Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbində IX sinif şagirdləri arasında yaranmış mübahisənin zorakılıqla nəticələnməsi Azərbaycan məktəblərində uzun müddətdir yığılıb qalan, lakin sistemli şəkildə həll olunmayan psixososial və pedaqoji problemlərin bariz təzahürüdür. Bu sadəcə lokal bir insident deyil, ölkə üzrə təhsil ruhunun necə deqradasiyaya uğradığını göstərən simptomdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Masallı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisədən danışarkən deyib. Ekspert hesab edir ki, şagirdlərin aqressiyaya meyillənməsi bir neçə amilin toplanması ilə yaranır və bu amillər təkcə şagirdin fərdi davranışı ilə izah oluna bilməz:
"Ən başlıca səbəb məktəbdaxili psixoloji mühitin dağılmış olmasıdır. Məktəblər artıq uşaqlar üçün təhlükəsiz, rahat və şəxsiyyət yönümlü mühit olmaqdan çıxıb. Pedaqoji heyət şagirdləri dinləməyə və anlamağa deyil, tabe etdirməyə çalışır. Bu isə şagirdin daxili gərginliyini artırır. Psixoloji xidmətlər isə yalnız kağız üzərində mövcuddur – məktəblərin böyük əksəriyyətində ştat üzrə psixoloq ya yoxdur, ya da müvafiq ixtisasa sahib deyil. 2023-cü ilə dair təhsil statistikasına əsasən, ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunda məktəb psixoloqu ya ştatda nəzərdə tutulmayıb, ya da vakantdır. Mövcud psixoloqlar isə 600-800 şagirdlik normativə uyğun olaraq bir neçə məktəbə bölünüb”.
Kamran Əsədovun fikirincə, zorakı davranışların səbəbi həmçinin sosial mühitlə də sıx bağlıdır:
"Uşaqların böyük əksəriyyəti ailədaxili zorakılığın, maddi çətinliyin, valideyn laqeydliyinin, yaxud valideyn aqressiyasının içində böyüyür. Sosial mediada və internetdə məhdudiyyətsiz şəkildə zorakılığı, aqressiyanı normalaşdıran görüntülər izləyən yeniyetmə, məktəbdə özünü psixoloji gücsüz hiss edəndə yeganə cavab aləti kimi fiziki üstünlüyü görür. Ailələr isə bu hadisələr baş verdikdən sonra reaksiya verir, halbuki tərbiyə və münasibət əvvəlcədən formalaşmalıdır”.
Kamran Əsədov bildirib ki, bu halların çoxalmasının bir səbəbi də müəllimlərin artıq sinfi idarəetməni və şagirdə nüfuz imkanını itirməsidir:
"Müəllimlər bu gün daha çox dərs planı, gündəlik yoxlamalar, elektron jurnallar, sertifikatlaşdırma prosesi ilə məşğul olduqları üçün sinfin psixoloji iqlimi ilə maraqlanmağa, şagirdin fərdi davranışını analiz etməyə nə vaxtları, nə də təşviq sistemləri qalır. Beləliklə, məktəb idarəetməsi mexaniki, müəllim fəaliyyəti isə bürokratik prosesə çevrilir. Bu isə şagirdin sosial və emosional inkişafını tamamilə gözdən salır. Digər bir problem – məktəb mühiti artıq uşağın "özünü tapdığı” yox, "özünə yadlzşdığı” məkandır. Əvvəllər məktəb həm təhsil, həm tərbiyə, həm də sosiallaşma məkanı idi. Bu gün isə məktəb yalnız imtahana hazırlıq bazası kimi qəbul olunur. Bütün sistem uşağın mənəvi inkişafını yox, bal toplamasını ölçür. Şagird özünü dəyərli hiss etmədikcə, aqressivləşir, özünü zorakılıqla təsdiqləməyə çalışır. Əgər uşağa başqa heç bir vasitə ilə hörmət və tanınma imkanı verilmirsə, o, bu ehtiyacını zorla təmin etməyə cəhd edir”.

Ekspertin sözlərinə görə, həll yolu ilk növbədə məktəbin mahiyyətini yenidən düşünməkdən keçir:
"Məktəb yalnız dərs keçilən yer deyil, uşağın həyatla qarşılaşdığı ilk ciddi sosial sistemdir. Burada psixoloji təhlükəsizlik, emosional dəstək, empatiya və şəxsiyyətə hörmət əsas norma olmalıdır. Hər bir məktəbdə mütləq peşəkar psixoloq və sosial işçi fəaliyyət göstərməli, şagirdin davranışı üzərində davamlı və sistemli monitorinq aparılmalıdır. Müəllimlərin pedaqoji hazırlığı yalnız metodikaya deyil, eyni zamanda sinfi psixologiya və konflikt idarəsinə əsaslanmalıdır. Azərbaycan təhsil sistemi isə hələ də məsələni ya gizlətməklə, ya cəzalandırmaqla, ya da inzibati cavablarla həll etməyə çalışır. "Araşdırma aparılır”, "profilaktik tədbirlər görülür”, "valideynlərlə görüş keçirilib” tipli ifadələr artıq reallığı əks etdirmir. Bunlar sadəcə ictimai reaksiyanı yumşaltmaq üçün hazırlanan cavablardır. Əgər biz hər hadisədən sonra sadəcə "tədbir görüldü” deməklə kifayətlənəcəyiksə, növbəti zorakılıq hadisəsi növbəti məktəbdə baş verəcək. Məktəbə və şagirdə münasibət dəyişməlidir, əks halda məktəb tərbiyə deyil, travma yerinə çevriləcək”.
Xatırladaq ki, Masallı rayonu Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri xəsarət alıb.
Bahar Rüstəmli
Şərhlər