Xəbər lenti

İmişlidə SSRİ bayrağının qaldırılmasına hüquqi reaksiya
Video 16:21 13.05.2025

İmişlidə SSRİ bayrağının qaldırılmasına hüquqi reaksiya

İmişli rayonunda 9 May Qələbə günü münasibəti ilə keçirilən tədbirdə SSRİ bayrağının qaldırılması cəmiyyətdə böyük narazılıq yaradıb.

Qaynarinfo xəbər verir ki, hadisə rayonun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağının II Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılması ilə bağlı videogörüntü sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Bundan əlavə, rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində Rusiya imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. O, modern.az-a açıqlamasında bunları deyib: "Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır". 

Bir əsrdə iki dəfə Azərbaycanı işğal etmiş SSRİ-nin bayrağının 9 May günü qaldırılması siyasi və mənəvi baxımdan nə dərəcədə doğrudur?

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qanunvericilik və hüquqi baxımdan burada problem yoxdur, lakin:

"Yaxşı olardı ki, bununla bağlı qanun qəbul olunsun. Heç bir hüquq pozuntusundan söhbət getmir. Amma məsələnin mənəvi və siyasi tərəfləri var. Bizim müstəqillik aktımız, konstitusiyamız var, orada qeyd olunub ki, Azərbaycan bolşevik Rusiyası tərəfindən istila olunub və SSRİ-yə zorla qatılıb. Biz ora könüllü daxil olmamışıq. Eyni ilə həmin bayraq altında da 20 Yanvar faciəsi olub. II Dünya müharibəsi zamanı Azərbaycan oğulları həmin bayraq altında vuruşublar və bu, inkar edilmir. Hansısa bir tədbirdə bayrağın göstərilməsi, hansısa binaya sançılması və s.-in mənası başqadır. Bayraq dövlətçilik rəmzidir. Bu baxımdan da yaxşı qarşılanmamalıdır. Yaxşı ki, ictimai qınağa səbəb olub. Məsələnin həm də siyasi tərəfi var. İndiki məqamda Rusiya dövləti İkinci Dünya müharibəsində qələbəni, SSRİ-in rolunu həddən artıq şişirdir. Onu sanki SSRİ ərazisinin bərpası kimi təqdim etməyə çalışır. "Georgi lenti” xüsusi əhəmiyyət daşıyır. Bunu edənlər bir başa demək istəyir ki, biz Azərbaycanın müstəqilliyinə qarşıyıq. Bu, Rusiyanın indiki ideologiyasıdır”. 
 


Hüquqşünas Səməd Vəkilov isə əlavə edib ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Həmin qanunun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edilib:



"Onu da qeyd edim ki, minlərlə şəhidimizin qanı hesabına ucaldılan üç rəngli dövlət bayrağımızın əvəzinə saxtakarlıq və yalan üzərində qurulmuş SSRİ bayrağının qalıdırılması bizim üçün təhqir, dövlət atributlarına qarşı hörmətsizlikdir”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->