Xəbər lenti

İsmayıllıda
Foto 12:54 26.05.2025

İsmayıllıda "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin yeni istehsal müəssisəsi açıldı (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olmaqla paytaxt Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa magistral hesab edilir. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.
 
***
 
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli "Talıstan” liseyinin binasının açılışında iştirak edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılmış şərait barədə məlumat verdi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. 1296 şagird yerlik Lisey də "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.

Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə bir neçə vacib layihə həyata keçirib. Müasir məktəblərin qurulması həm də Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsində olduqca mühüm rol oynayır.

"Talıstan” liseyində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısına son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, o cümlədən 2020-2025-ci illərdə istifadəyə verilən istehsal müəssisələri və istirahət mərkəzləri barədə məlumat verildi. Həmin dövrdə rayonda fəaliyyətə başlamış bu obyektlərdə 400-ə yaxın iş yeri açılıb.

Prezident İlham Əliyevə rayonun Tircan kəndində su istehsalı müəssisəsinin inşası ilə bağlı məlumat verildi. İllik istehsal gücü 25 milyon litr olan müəssisədə 80 nəfər işlə təmin ediləcək.

Qeyd edək ki, ölkəmizin turizm mərkəzlərindən biri olan İsmayıllı rayonu son illərdə sürətlə inkişaf edib. İndiyədək dövlətimizin başçısı bu rayonda 10 dəfə olub. Azərbaycan Prezidentinin İsmayıllıya hər səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə, yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonda aparılan tikinti-quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsulunun həcmində, yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da "Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin "Anadolu Grubu”nun idarə heyətinin fəxri sədri Tuncay Özilhan və "Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.

İsmayıllı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu, "Coca-Cola Bottlers” MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. Yeni müəssisə tərəfindən istehsal olunacaq məhsulların əsasən daxili bazarda satışı nəzərdə tutulub. Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. "Azerbaijan Coca-Cola Bottlers” MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə əldə olunan yaşıl enerji ilə təmin etməyi nəzərdə tutur.

İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yeni müəssisəsinin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz edilməsini stimullaşdırır.

Qeyd edək ki, regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar şərait, güzəşt və imtiyazlar onları ölkəmizə daha çox sərmayə yatırmağa sövq edir. "Coca-Cola”nın Azərbaycana investisiyalarının artırılması da ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Paytaxtla yanaşı regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır. "Azerbaijan Coca-Cola Bottlers” MMC ölkəmizdə istehsala 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->