Xəbər lenti

Texnologiya 19:06 29.07.2025

"Meta" pornoqrafik materialların yayılmasında ittiham olunur

ABŞ-da fəaliyyət göstərən "Strike 3 Holdings" (S3H) adlı hüquq şirkəti "Meta" korporasiyasını süni intellekt modelini öyrətmək məqsədilə müəllif hüquqları ilə qorunan pornoqrafik videoları qanunsuz şəkildə istifadə etməkdə və yaymaqda ittiham edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Ars Technica" nəşri məlumat yayıb.

S3H-nin ABŞ məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə görə, "Meta" 2018-ci ildən etibarən "BitTorrent" şəbəkəsi vasitəsilə şirkətə məxsus olan ən azı 2396 pornoqrafik filmi qanunsuz şəkildə yayımlayıb. İddiada bildirilir ki, texnologiya nəhəngi bu videoların ən populyar və yenilərini məqsədli şəkildə seçib və onlar üçüncü şəxslər – hətta azyaşlılar – tərəfindən həftələrlə, bəzən isə aylarla yüklənə biləcək formada əlçatan olub.

S3H nümayəndələri hesab edir ki, bu fəaliyyətin əsas məqsədi eyni məzmunlu videolar yarada biləcək generativ süni intellekt sisteminin hazırlanmasına zəmin yaratmaq olub. İddiada göstərilir ki, "Meta" bu fəaliyyəti gizlətmək üçün altı virtual bulud serverindən ibarət, anonim IP ünvanlarla işləyən şəbəkə qurub. Onlardan bir neçəsi "Meta"nın daxili şəbəkələrinə, biri isə şirkət əməkdaşlarından birinin şəxsi IP ünvanına bağlı olub.

"Strike 3 Holdings", Mark Zukerberqə məxsus şirkətin onların müəllif hüquqları ilə qorunan məzmunundan istifadəsinin qadağan edilməsini və maddi təzminat ödənilməsini tələb edir.

"Meta" isə ittihamları rədd edərək, şirkətin heç vaxt pirat materialları yüklədiyinə və ya yaydığına dair heç bir sübutun mövcud olmadığını bildirir. Şirkətin hüquqşünasları hazırda iddia sənədlərini araşdırır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->