"Hesab edirəm ki, Rusiyanın Trampı fikrindən daşındırmaq üçün tək yolu ondan çəkinmədiyini göstərməkdir ki, Medvedyev də bunu edir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Kremlin ABŞ prezidenti Donald Trampı Rusiyaya Ukrayna məsələsində danışıqlara gəlmək üçün verdiyi 10 günlük möhlət fikrindən daşındıra bilib-bilməyəcəyini şərh edərkən deyib.
"Tramp nə qədər dözüm göstərsə belə, onun da supergüc dövlətin başçısı kimi bir imici var və Tramp sona kimi Putinin nazı ilə oynamaqla özünün və ABŞ-ın imicinə zərbə vura bilməz", deyə Azər Qasımov bildirib.
Ekspert bildirir ki, Rusiyanın Trampı fikrindən daşındırmaq üçün müxtəlif oyun oynamaq imkanları var. Ancaq böyük ölçüdə danışıqların imitasiyası yolu ilə Rusiya bu imkandan məhrum olub:
"Trampa qarşı hansısa kompromat xarakterli məlumatların olması ehtimalı da mövcuddur. Amma bu, konspirativ nəzəriyyələr sahəsinə aid olduğu üçün ciddi deyil. Tramp da bəyan edir ki, tətbiq edəcəkləri sanksiya və tədbirlərin nəticəsinin olub-olmayacağını bilmir. Nəticəsi ola da bilər, olmaya da. Amma bütün hallarda Tramp öz imicini qorumaq üçün dediyi addımları atacaq".
Həmsöhbətimiz xatırladır ki, Trampın hakimiyyətə gəldiyi gündən bu günə kimi yürütdüyü siyasət, əslində öz gözlənilməzliyi ilə seçilir:
"Tramp sanki nə etmək istədiyini bilməyən adam görüntüsü yaradıb. Müxtəluf qərarlar verir, sonra onu ləğv edir. Əvvəlcə tənqid etdiyi adamı sonra tərifləyir və ya əksinə. Amma Putinə münasibətdə göstərdiyi reaksiya əslində təbii olub. Putinin işğalçı imici bəlli olsa da, Tramp onu yola gətirmək üçün sərt ritorikadan qaçıb, danışıq yolunu tutub. Bu da Putinin nüvə dövlətinin başçısı olması səbəbindən baş verib. Çünki Putinlə güc dilində danışmaq vəziyyəti daha da ağırlaşdırmaq demək olardı".
Qeyd edək ki, Müharibənin Tədqiqi İnstitutunun (ISW) yeni hesabatında Kremlin ABŞ prezidenti Donald Trampı Ukraynada müharibəyə son qoymaq üçün verdiyi 10 günlük müddətdən imtina etməyə məcbur etməyə çalışdığı bildirilir. İnstitutun analitikləri xatırladıblar ki, Rusiya hakimiyyəti Trampın Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı danışıqlarla bağlı yeni ultimatumunu rədd edib.
Analitiklər buna misal olaraq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin X-də ingilisdilli hesabında Trampın sülh danışıqlarının başlama vaxtını diktə edə bilməyəcəyi və Rusiya bütün hərbi məqsədlərinə çatdıqda müharibənin bitəcəyi barədə fikirlərini göstəriblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiya-Amerika münasibətlərinin normallaşması prosesinin ləngiməsinin məsuliyyətini amerikalıların üzərinə atıb.
ISW analitiklərinin fikrincə, bu açıqlamalar Trampın ikitərəfli münasibətləri normallaşdırmaq və əməkdaşlığı davam etdirmək üçün Rusiyaya qoyduğu 10 günlük müdətlə bağlı verdiyi açıqlamadan imtina etməsinə təsir göstərməyə hesablanmış addımlardır.
Rüfət Sultan
Şərhlər