Xəbər lenti

Trampı
Dünya 13:30 25.08.2025

Trampı "trollamaq" Putinə baha başa gələcək - "New York Post"

Rusiya lideri Vladimir Putin görünür, Alyaskada Donald Trampla keçirilən sammitdə səsləndirilən Ukrayna müharibəsi üzrə sülh razılaşması ümidlərini puça çıxarıb. Ankoricdə verilən vədlərə baxmayaraq, Kreml indi danışıqları mümkünsüz edən ultimatumlar irəli sürür.

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post” yazır.

Rusiya xarici işlər naziri Sergey Lavrov NBC-nin "Meet the Press” verilişində bildirib ki, Rusiya prezidenti ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında heç bir görüş planlaşdırılmır. Onun sözlərinə görə, belə görüş yalnız Kremlin gündəliyinə uyğun ilkin razılaşmadan sonra mümkündür.

Bu gündəliyə bir sıra tələblər daxildir:

* Ukraynanın NATO üzvlüyündən imtinası;
* Ukrayna dilini qoruyan qanunların ləğvi;
* Moskvanın dəqiqləşdirmədiyi "ərazi məsələlərinə” əvvəlcədən razılıq.

Bundan başqa, Lavrov Zelenskinin legitimliyini şübhə altına alaraq onu "rejimin faktiki rəhbəri” adlandırıb. 

Bu açıqlamalar ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sözləri ilə kəskin ziddiyyət təşkil edir. Onun bildirdiyinə görə, Putin Alyaskada etiraf edib: "Onlar Kiyevdə marionet rejim qura bilməyəcəklərini qəbul etdilər və vacibi odur ki, Ukraynanın ərazi bütövlüyünə müəyyən təminatların zəruriliyini tanıdılar”.

NYP yazır ki, Putin faktiki olaraq yalnız Zelenskini deyil, həm də Trampı "trollayır”, sazişdən imtina "sənətini” nümayiş etdirir.

Bu arada ABŞ prezidenti narazılıq siqnalları verməyə başlayıb. O, yaxınlarda deyib: "İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq Çox çətindir, demək olar ki, mümkünsüzdür". Bu isə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə qoyulan məhdudiyyətlərin genişləndirilə biləcəyinə işarədir.

Tramp həmçinin Rusiya iqtisadiyyatına qarşı sərt ikinci dərəcəli sanksiyaları gündəmdə saxlayır. Sammitdən sonra o, Putinə Zelenski ilə şəxsi görüş üçün cəmi iki həftə vaxt verib, amma onlardan biri artıq heç bir irəliləyiş olmadan geridə qalıb.

Beləliklə, Moskva həm diplomatik razılaşmaları pozmağa hazır olduğunu nümayiş etdirir, həm də Vaşinqtonun səbrini sınayır. Müşahidəçilər xəbərdarlıq edirlər: əgər Tramp güc tətbiqinə əl atarsa, Putin Alyaskadakı "sülh siqnallarını” öz alçaldıcı fiaskosuna çevirə bilər.

Xatırladaq ki, avqustun 15-də Alyaskada Tramp və Putin görüşüb. Sonradan Tramp Zelenskiyə çatdırıb ki, Kreml sülh müqaviləsi müqabilində bütün Donbası almaq istəyir.

Hazırda ABŞ, Ukrayna və Avropa Ukraynada sülhün təmin olunması üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirlər. Bununla belə, Kreml Kiyevlə birbaşa danışıqlardan yayınır.

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru, istefada olan ordu generalı Deyvid Petreus isə bildirib ki, diktator Vladimir Putinlə prezident Vladimir Zelenskinin müharibənin dayandırılması mövzusunda görüşəcəyi inandırıcı görünmür.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->