Xəbər lenti

Şəxsi həyata təsir edən gizli səbəb: qərar yorğunluğu və sevgidə uğursuzluqlar
Dünya 23:41 24.08.2025

Şəxsi həyata təsir edən gizli səbəb: qərar yorğunluğu və sevgidə uğursuzluqlar

Amerikalı psixoloq Mark Trevers izah edib ki, müasir cəmiyyətdə həddən artıq seçim bolluğu səbəbindən yaranan zehni yorğunluq bir çox insanların şəxsi həyatını məhv edir.

Qaynarinfo xəbər verir ki, onun "Forbes" üçün yazdığı məqalədə bildirilir ki, bu hal "qərar yorğunluğu" adlanır və "Journal of Personality and Social Psychology" jurnalında dərc olunmuş tədqiqatlar əsasında elmi şəkildə təsvir olunub. Bu, insanın çoxsaylı seçimlər qarşısında özünü tükənmiş hiss etməsi ilə bağlıdır.

Treversə görə, bu fenomen xüsusən romantik münasibətlərdə özünü göstərir. Seçimlərin çoxluğu insanın potensial tərəfdaş axtarışında işini asanlaşdırmaq əvəzinə, əksinə, ona mane olur.

Psixoloq bunun iki əsas əlamətini göstərib:

Birincisi, insanın passiv davranışa meyli artır. Gün ərzində çoxsaylı qərarlar qəbul edən şəxslər axşama doğru resurslarını itirir və bu səbəbdən mesajlara cavab verməmək, görüşləri təxirə salmaq və ya ümumiyyətlə əlaqəni kəsmək kimi davranışlara üstünlük verirlər. Bu, münasibətlərin qurulmasına mane olur.

İkincisi, qərar yorğunluğu impulsivliyi gücləndirir. "Journal of Health Psychology" jurnalında 2018-ci ildə dərc olunmuş tədqiqatlara əsasən, bu vəziyyətdə insanlar düşünülmüş qərarlar əvəzinə, ani rahatlıq gətirən addımlar atırlar. Bu isə nəticədə yanlış tərəfdaş seçiminə və məyusluğa gətirib çıxarır.

Trevers məsləhət görür ki, tanışlıq proqramlarında vaxtı məhdudlaşdırmaq, əvvəlcədən sevimli görüş yerlərinin siyahısını hazırlamaq və yalnız uyğun tərəfdaşlara vaxt ayırmaq daha sağlam yanaşmadır.

"Sevgi həmişə seçim tələb edir və bundan qaçmaq mümkün deyil. Lakin yalnız qəlbə deyil, eyni zamanda beynə də qayğı göstərsəniz, enerjinizi qoruyub sizi gücləndirən münasibətlər qura bilərsiniz", deyə psixoloq yekunlaşdırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->