"Moskvada keçiriləcək 9 may paradı heç bir insident, təxribatlar olmadan, sakit keçiriləcək".
Bunu Qaynarinfo-ya politoloq Zərdüşt Əlizadə "Ukraynanın 9 mayda Moskvada keçiriləcək qələbə paradına zərbə endirəcəkmi" sualına cavab verərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, hər hansı bir paradın keçirilməsi üzrə protokol, qayda var bə onun senarisi də əvvəlcədən yazılır, həmişə də ona riayət edilir:
"9 may paradı da mövcud senariyə uyğun heç bir insident, təhlükə və təxribatlar olmadan keçiriləcək. Rus mətbuatının həmin parad zamanı Ukraynanın Kremli raketlər, dronlarla vuracağı barədə yaydığı məlumatlara gəldikdə, bunlar təxribatdır, feykdir. Bu haqda yayılan məlumatlar informasiya müharibəsinin bir ünsürüdür".
Həmsöhbətimizin fikrincə, Ukrayna tərəfi özü də istəməz ki, onlarla ölkənin başçısının da olacağı qızıl meydana raket atsın:
"Kiyev özü barədə terrorçu dövlət imici formalaşdırmaq istəməz. Ukraynanın imkanı var həmin silah-sursatı cəbhə zonasında rus ordusunun başına yağdırsın. Bu daha faydalıdır, nəinki Qızıl Meydana atmaqla özünü biabır etsin. Belə bir şey olmayacaq. Bu sadəcə rus təbliğatının hoqqasıdır".
Ukraynalı hərbi ekspert Yevgeni Diki da "Radio NV” efirində Ukrayna Müdafiə Qüvvələrinin 9 mayda Moskvada keçiriləcək parada zərbə endirməsi ehtimalının az olduğunu bildirib. Amma o bunu heç də Rusiya HHM sistemlərinin mükəmməl işləməsi ilə əlaqələndirməyib:
"Əksinə, Rusiyanın hava hücumundan müdafiəsi getdikcə daha çox acizliyini və gücsüzlüyünü göstərir. Elə bil Moskvada da bunu nəhayət anlayıblar. Biz artıq onların bizi diplomatik yolla üstələməyə çalışdığı uğursuz cəhdi müzakirə etmişdik. Yəni Moskvanı səmadan ‘üç günlük atəşkəs’ elan etməklə qorumağa çalışdılar. Amma çox yaxşı oldu ki, biz onları üstələyib əvəzində 30 günlük atəşkəs təklif etdik. Ortaya çıxdı ki, 30 gün onlar üçün artıq qəbuledilməzdir”,-deyə Diki bildirib. Ekspert əlavə edib ki, Ukraynanın 9 mayda Moskvaya zərbə endirmək üçün bütün texniki imkanları var. Onun sözlərinə görə, paraddakı hərbi kolonlara zərbə endirmək üçün də tam əsaslar mövcuddur, çünki bu, hərbi məqsəd sayılır. "Amma dünən məlum oldu ki, Si Szinpin paradda iştirak edəcək. Təəssüf ki, bu yaşlı çinli elə bir şey edə bilər ki, bütün Rusiya HHM-i bacarmır. O, elə edəcək ki, biz bu paradı vurmaqdan imtina edək".
Qeyd edək ki, 30 günlük atəşkəs təklifini yaxına buraxmayan Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl 8-10 may tarixlərində Moskvada keçiriləcək qələbə paradı ilə əlaqədar birtərəfli atəşkəs elan etdiyini açıqlayıb və bildirib ki, Ukrayna da "simmetrik qərar" qəbul etməlidir. Lakin Ukrayna prezidenti Volodimir Zelenski Putinin bu təklifini qəbul etməyib. Onun sözlərinə görə, ən azı 30 günlük atəşkəsə ehtiyac var. Bu əsasda da fikirlər səslənir ki, 9 may paradı heç də sakit keçməyə də bilər.
Rüfət Sultan
Şərhlər