"Əhəd Ağayev müsabiqənin ən kiçik iştirakçısıdır. Çox istedadlıdır, onun böyük gələcəyi var".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Nəzakət Teymurova IX Muğam Televiziya Müsabiqəsinin qalibindən danışarkən deyib.
Xanəndə bildirib ki, Əhəd Ağayev Xalq artisti Mənsum İbrahimovun tapıntısıdır:
"Onun seçimində Mənsum müəllim iştirak edib. Əhəd Ağayev ağdamlıdır, səhv etmirəmsə, Gülablıdandır. Əgər yadınızdadırsa, Prezidentin qarşısında da çıxış edib. Bu uşaq başdan-ayağa istedaddır. 9 yaşında uşaq olasan, belə gözəl oxuyasan. Müsabiqə zamanı Azərbaycan muğamlarını gözəl ifa etdi. Bu da muğamlarımızın inkişafı və təbliğatından irəli gəlir. Allah ona yardımçı olsun, səsi daima üzərində olsun, keçid dövrünü də asanlıqla keçər. Əhədin gələcəkdə Azərbaycan muğamlarının qorunmasında xidmətləri olacaq".
Nəzakət Teymurova Muğam Televiziya Müsabiqəsinin yekununa da aydınlıq gətirib:
"Çox sevindirici haldır ki, arzuladığımız torpaqlarda müsabiqələr keçiririk, Azərbaycan muğamlarının sədaları eşidilir. Bundan öncə muğam konsertləri, müsabiqələri Şuşada keçirilmişdi. Gənc ifaçılar gələcəkdə muğam sənətinin qorunmasında və təbliğində əllərindən gələni etməyə məcburdurlar. Çünki Heydər Əliyev Fondu, dövlətimiz 20 ildir ki, muğam müsabiqələrini keçirir və xanəndələrin üzə çıxmasında onlara dəstək verir”.
Xatırladaq ki, avqustun 25-də 4 aydır ki, davam edən IX Muğam Televiziya Müsabiqəsinə Laçında yekun vurulub. 8-16 yaşında yeniyetmələr arasında birinci yerə xanəndə Əhəd Ağayev layiq görülüb.
Bahar Rüstəmli
Şərhlər