Xəbər lenti

Zelenski Putini tələyə salmaq istəyir (ŞƏRH)
Dünya 20:11 25.08.2025

Zelenski Putini tələyə salmaq istəyir (ŞƏRH)

ABŞ və Rusiya liderlərinin Alyaska görüşündən üzü bəri Ukrayna məsələsi ilə bağlı proseslər daha intensiv xarakter almağa başlayıb. Daha doğrusu hər iki ölkənin rəsmiləri əvvəlki dövrlə müqayisədə hazırkı situasiyada proseslə bağlı daha tez-tez açıqlama verməyə başlayıblar. 

ABŞ televiziyası "NBC News"ə müsahibəsində Ukrayna Xarici İşlər Nazirliyinin birinci müavini Sergey Kislika bildirib ki, Volodimir Zelenski yalnız şəxsi görüşdə, cəbhədə hazırkı cizgi xətti üzrə Rusiya ilə ərazi məsələlərini müzakirə etməyə hazırdır. 

Kislikanın sözlərinə görə, Zelenski Ukrayna torpaqlarının Rusiyaya hüquqi olaraq verilməsini rədd edir:

"Prezident həm Ukraynada mövcud hüquqi bazaya, həm də ictimai rəyə əsaslanır. İctimaiyyət ərazimizin dəyişdirilməsi qarşısında qətiyyətlədir. Lakin o, Vladimir Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır. Danışıqların çıxış nöqtəsi isə mövcud xətt olmalıdır".

Qeyd edək ki, hazırda Rusiya Ukrayna ərazisinin təxminən beşdə birini işğal edib. Amma artıq xeyli müddətdir tərəflərdən demək olar ki, heç biri cəbhədə əsaslı dönüşə nail ola bilmir. Məlumatlara görə, 2022-ci ilin noyabrından bu yana Rusiya cəbhə xəttində yalnız 6 min kilometrə qədər irəliləyə bilib.

Mövcud vəziyyətdə hər iki tərəfin qüvvələri tükənməkdədir. Bunu da ilk olaraq anlayan görünür, Zelenskidir. O, yaxın gələcəkdə prosesin Ukrayna üçün daha ağır olacağını başa düşdüyündən, Putinlə şəxsən görüşərək, cəbhədəki mövcud vəziyyəti nəzərə almaqla ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu bəyan edib. Əraziləri hazırda savaşla geri qaytarmaq ehtimalı çox cüzidir. Hətta Qərbin lazımi səviyyədə olmayan dəstəyi belə buna imkan vermir. Ona görə də Kiyev üçün indiki halda döyüşləri dayandırıb, danışıqlara getmək daha məqbuldur, nəinki müharibəni davam etdirmək. Qarşı tərəfi danışıqlara cəlb etmək üçün isə ona münasibətdə müəyyən güzəştlərə getmək lazımdır. Bu əsasda da daxildə ciddi narazılığın yaranmasına imkan verməmək üçün ən yaxşı güzəşt indilikdə geri alınması mümkünsüz görünən işğaldakı ərazilərin müvəqqəti də olsa itirilməsilə barışmaqdır. 

Bu addım Ukraynaya vaxt udaraq, özünün artmaqda olan hərbi potensialını daha da gücləndirməyə imkan verə bilər. Belə vəziyyət həm də sakitlikdən istifadə edərək, Kiyevə dəstək olan ölkələrin hazırda haqqında söhbət gedilən öz hərbi hissələrini Ukraynaya gətirmələrinə də münbit şərait yarada bilər. Görünür, Zelenski həm də bu məqsədə çatmaq üçün sözügedən təklifdə bulunub. Bu isə həm də onun müəyyən mənada əvvəlki mövqeyindən bir qədər geri çəkilməsi kimi də başa düşülə bilər. 

Onun belə qərara gəlməsində ABŞ prezidenti Donald Trampın Kiyevə yönəlik təzyiqlərinin də yəqin ki, rolu olub. Belə ki, Tramp hər iki tərəfə təzyiq etsə də, görünən odur ki, onun əsas ağırlığı Kiyevin üzərinə düşür. Bu fonda ola bilsin, Zelenskinin sözügedən fikirləri həm də Trampdan gözlənilə biləcək növbəti təzyiqləri qabaqcadan neytrallaşdırmaq məqsədi daşıyır. Başqa bir tərəfdən, ola bilər ki, Zelenski birbaşa danışıqlardan qaçan Putini bu fikrindən döndərmək üçün sözügedən təklifdə bulunub.

Bildiyimiz kimi, Rusiya XİN rəhbəri Sergey Lavrov başda olmaqla bu ölkənin bir sıra rəsmiləri Zelenski Putin görüşünü inkar etməkdə davam edirlər. Halbuki Alyaska görüşündən dərhal sonra ABŞ prezidenti bildirdi ki, avqustun sonlarına doğru Putin-Zelenski görüşü gözlənilir. Görünür, məhz Putini həmin görüşə razı salmaq üçün Zelenski cəbhədəki mövcud vəziyyəti nəzərə almaqla danışıqlara hazır olduğunu bəyan edib. 

Birmənalı olaraq aydındır ki, bütün hallarda Kiyev torlaqların itirilməsilə barışmayacaq. Ukrayna heç zaman belə bir sülh sazişinə imza atmayacaq. Sadəcə olaraq, mövcud durum torpaqların müvəqqəti olaraq itirilməsilə barışmağı tələb edir. Bu mənada, müharibə dayansa belə, Ukrayna probleminin hələ uzun illər həll olunmadan mövcud vəziyyətdə qalmaqda davam edəcəyini gözləmək olar. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->