"Azərenerji" Açıq Səhmdar Cəmiyyətində (ASC) yüksək maaşlı işə düzəltmə adı ilə dələduzluq edən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Xəzər Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Ə.K. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəzlənib. Ə.K. məhkəmə zalında həbsdən azad edilib. Onun şübhəli şəxs qismində tutulduğu bir gün və həbsdə saxlanıldığı 2 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 gününə 2 gün hesablanmaqla verilmiş cəzadan çıxılıb. Ə.K.-nın üzərində qəti olaraq 2 il 7 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materialllarından məlum olur ki, Ə.K. 2020-ci ildən 2024-cü ilədək "Enerjiservistikintitəmirsazlama" ММС-də çalışıb. Daha sonra isə "Şimal Dres" MMC-də işləyib.
Orada işləyərkən E.Ə. adlı şəxslə tanış olub. Həmin şəxs yüksək maaşlı işə düzəlmək istədiyini bildirib. Ə.K. ona bu məsələdə kömək edə biləcəyini deyib. O, bildirib ki, E.Ə-ni "Azərenerji" ASC-nin kadrlar şöbəsində yüksək maaşlı işə düzəldə bilər. Ə.K. bunun müqabilində E.Ə-dən 10 000 manat alıb.
Lakin sonradan E.Ə-nin telefon zənglərinə cavab verməyib. Zərəçəkmiş şəxs də hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmədə Ə.K. əməlini borclarının olması ilə əsaslandırıb. O, bildirib ki, borcu olduğuna görə kimisə aldadıb pulunu ələ keçirmək və borclarını ödəməyi düşünüb. Məhkəmədə həmçinin aydın olub ki, E.Ə-yə dəymiş zərər ödənilməyib.
Seyid
Şərhlər