Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Vladimir Putin verdiyi sözə əməl etmir, çünki Rusiya işğalçıları Moskva tərəfindən elan edilmiş üçgünlük atəşkəsi pozur.
Qaynarinfo xəbər verir ki, bu barədə Sıbıqa, Ukrayna hərbi komandanlığı ilə apardığı danışıqlardan sonra açıqlama verib. Hərbçilər ona cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat təqdim ediblər.
"Gözlənildiyi kimi, Putinin "parad sülhü” fars çıxdı”, – deyə Sıbıqa vurğulayıb.
Nazirin sözlərinə görə, Ukrayna hərbçilərinin məlumatına əsasən, Putinin bəyanatlarına baxmayaraq, Rusiya qoşunları cəbhə xəttinin bütün istiqamətlərində hücumları davam etdirir. Belə ki, gecə yarısından günorta saatlarına qədər Rusiya:
734 dəfə atəşkəs rejimini pozub,
63 hücum əməliyyatı həyata keçirib (onlardan 23-ü hələ də davam edir),
Ukrayna ordusunun mövqelərinə 586 dəfə atəş açıb (onlardan 464-ü ağır silahlardan istifadə ilə),
176 pilotsuz uçuş aparatı ilə zərbə endirib,
10 hava hücumu həyata keçirib, bu hücumlarda 16 idarə olunan aviasiya bombası istifadə olunub.
"Biz bütün atəşlərə adekvat cavab veririk və Rusiyanın atəşkəs rejimini pozması ilə bağlı məlumatları ABŞ, Avropa İttifaqı və digər Avropa tərəfdaşları, eləcə də beynəlxalq təşkilatlarla paylaşırıq. Biz Putinə heç kimi aldatmağa imkan verməyəcəyik – o, hətta öz sözünü də tutmur”, – deyə Sibiqa bildirib.
Nazir əlavə edib ki, Ukrayna ən azı 30 günlük tam atəşkəs və qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirlərinə hazırdır. Bu isə sülh danışıqlarının aparılmasına və ədalətli, davamlı sülhə doğru real yolun açılmasına imkan verə bilər.
Kremlin iddiasına görə, 7-dən 8 may gecəsinə keçən vaxtdan etibarən üçgünlük atəşkəs rejimi başlamalı idi. Lakin rus qoşunları hücumlarını dayandırmayıb və hazırda cəbhənin ən qaynar nöqtələri Pokrovski və Novopavlovsk istiqamətləridir.
Bundan əlavə, Rusiya öz elan etdiyi bu "atəşkəsi” 9 may ərəfəsində Ukrayna şəhərlərinə raket zərbələri ilə "qeyd edir” – Donetsk, Çerkassı və Sumı vilayətləri artilleriya atəşinə məruz qalıb.
Alpər
Şərhlər