Katolik dünyasının diqqəti yenidən Vatikana yönəlib. Papa Fransiskin bu ilin aprelində vəfat etməsinin ardından yeni papanın seçilməsi üçün başlanan konklav mərasimi davam edir. Dünyanın müxtəlif bölgələrindən gələn 133 kardinal Sistina kapellasında keçirilən gizli səsvermələr vasitəsilə yeni Papanın kimliyinə qərar verməyə çalışır.
Qaynarinfo xəbər verir ki, indiyədək keçirilən səsvermələr nəticəsiz qalıb və baca vasitəsilə havaya buraxılan qara tüstü ilə bu, xarici aləmə bildirilib. Qaydalar görə, ağ tüstü yalnız Papa seçiləndə verilir. Son dövrlərdə konklavlar ortalama 3 gün çəkib, ən uzun müasir konklav isə 5 gün davam edib.
Kardinallar üçün nəzarət altındakı həyat
Kardinallar Papa II Jean Paulun dövründə inşa edilən Azizə Marfanın Evi adlanan xüsusi bir qonaq evində qalırlar. Burada şərait sadə və qənaətcildir. Sakitlik və gizlilik prinsiplərinə tam uyğun şəkildə idarə olunur. Hətta kardinalların içdiyi sudan atdıqları çöpə qədər hər şey nəzarət altındadır.
Yeməklər isə sadədir: spagetti, minestrone şorbası, qaynadılmış tərəvəzlər və bəzən quzu şiş. Lakin bəzi kardinallar menyudan narazılıqlarını bildiriblər. Kardinal Mauro Pyacença yeməkləri "dəmir yolu vağzalında verilən yeməklərə" bənzədib. Digər kardinallar da "dadsız, duzsuz makaronlar" və "su kimi souslar"dan şikayətləniblər. Bu sadəlik, ehtimal ki, Papa Fransiskin təvazökarlıq prinsiplərinə uyğun olaraq saxlanılır.
Qadağan edilmiş yeməklər və gizlilik
Cum clave - latınca "açarla bağlı” mənasını verən bu termin konklavın mahiyyətini əks etdirir: tam qapalılıq və gizlilik. Bu müddət ərzində kardinallar xarici dünya ilə əlaqədən məhrum edilir. Mobil telefonlar, internet və digər əlaqə vasitələri sönülü vəziyyətdə olur. Bu gizliliyi pozan şəxslər kilsədən aforoz edilə bilər.
Yeməklər belə bu qaydalara uyğun şəkildə seçilir. Bütün toyuq, içi dolğulu ravioli, örtülü piroqlar və "rigatoni" tipli makaronlar qadağandır. Çünki bu cür qidaların içərisinə gizli cihazlar yerləşdirilərək məlumat ötürülməsi mümkündür.
Bütün yeməklər Azizə Marfanın Evində yaşayan rahibələr tərəfindən hazırlanır. Onlar da xüsusi olaraq bu məqsədlə Vatikanın xidmətinə cəlb edilir və gizlilik andı içirlər. Hazırlanmış yeməklər iki dəfə İsveçrə qvardiyası tərəfindən yoxlanılır və konklav zalına xüsusi fırlanan qapı vasitəsilə ötürülür.
Tarixi səbəblər və məqsədlər
Bu cür ciddi tədbirlərin tarixi əsası var. 1274-cü ildə Papa X Qriqor konklav prosesini sürətləndirmək və kardinalların qərar verməsini asanlaşdırmaq üçün sadə və konfortsuz şəraitdə qalma qaydası tətbiq etmişdi. Bu dövrdə siyasətin papalıq seçiminə təsirini azaltmaq məqsədi daşıyan gizlilik və ehtiyat tədbirləri indiki sistemin əsasını qoymuşdu.
O dövrlərdə kardinalların saxlanıldığı yerlərdə qidalar məhdudlaşdırılır, şəffaf stəkanlar və fincanlardan istifadə edilirdi. Salfetkalar və tullantılar belə araşdırılırdı. Bu tədbirlər həm də zəhərlənmə hallarının qarşısını almaq məqsədi daşıyırdı.
Yeni Papa harada qalacaq?
Uzun illər kardinallar Sistina kapellasında səs verərkən, Vatikanın köhnə və sıxışıq freskalı apartmanlarında qalırdılar. 1978-ci ildə keçirilən iki konklavın çətinliyi və şəraitsizliyi polşalı kardinal Karol Voytılanın (II Jean Paul) bu sahədə islahatlara başlamasına səbəb olmuşdu. O, Papa seçildikdən sonra ilk işlərindən biri kimi Azizə Marfanın Evini tikdirib və bu gün də həmin bina konklav zamanı kardinalların məskəni sayılır.
Aydın
Şərhlər