"Qalatasaray" Süper Liqada çempionluğunu rəsmi olaraq elan etməyə hazırlaşarkən, bir tərəfdən də heyətdəki dəyişikliklərlə bağlı ciddi planlamalar həyata keçirir.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, klub rəhbərliyi həm yeni transferlər, həm də ayrılacaq futbolçular üzərində iş aparır.
Məlumata görə, mövsüm sonunda 8 futbolçu ilə yolların ayrılması gözlənilir:
Muslera: Uzun illər "Qalatasaray"ın qapısını qoruyan təcrübəli qapıçının müqaviləsi başa çatır. Onun növbəti mövsümdən etibarən vətəni Uruqvaya dönərək karyerasını orada başa vuracağı iddia olunur.
Karlos Kuesta: Qış transfer dövründə komandaya qoşulan müdafiəçi gözləntiləri qarşılamayıb. Klub ona gələcək təklifləri dəyərləndirməyə açıqdır.
Elias Jelert: Böyük ümidlərlə transfer edilən futbolçu, fiziki baxımdan yetersiz olduğu üçün baş məşqçi Okan Burukun əsas heyət planlarında yer almır. Onun mövqeyinə Frankovski gətirilib. Kirayə verilməsi gündəmdədir.
Qabriel Sara: Mövsüm ərzində komandanın əsas mərkəz oyunçularından birinə çevrilən futbolçunun adı "Mançester Siti" ilə hallanır. "Qalatasaray" bu transfer üçün minimum 35 milyon avro tələb edir.
Barış Alper Yılmaz: Komandaya qoşulduğu gündən bəri inkişaf edən oyunçu "Vest Hem" və "Aston Villa" kimi İngiltərə klublarının diqqət mərkəzindədir. Yay transfer dönəmində İngiltərəyə keçidi gözlənilir.
Yunus Akgün: Kerem Aktürkoğlunun gedişindən sonra Okan Buruk tərəfindən əsas heyətə daxil edilən gənc oyunçu artan performansı ilə Avropa klublarının marağını cəlb edib. Klubun yaxın zamanda Avropadan rəsmi təkliflər alacağı gözlənilir.
Dris Mertens: "Qalatasaray"ın çempionluğunda önəmli rol oynayan belçikalı ulduzun müqaviləsi başa çatır. Klub Mertensə layiqincə vida etməyə hazırlaşır.
Alvaro Morata: Qış transferində "Milan"dan gələn ispan hücumçu komandada ikinci hücumçu rolunda olmaq istəmir. Onun yenidən İspaniyaya dönməsi ehtimal edilir.
"Qalatasaray" həm çempionluq sevincini azarkeşləri ilə bölüşməyə, həm də heyətindəki bu ciddi dəyişikliklərlə yeni mövsümə güclü şəkildə başlamaya hazırlaşır.
Aydın
Şərhlər