ABŞ-ın Oklahoma ştatının federal məhkəməsinə təqdim olunan iddiaya əsasən, "Pizza Hut" franşizasının keçmiş sahibi, 91 yaşlı dindar xristian Cin Biknell dini manipulyasiyaya məruz qalaraq dələduzlara 60 milyon dollardan çox vəsait ötürüb. Fırıldaqçı özünü Allah kimi təqdim edib və bunun Tanrının əmri olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
İddiada qeyd olunur ki, Floridada yaşayan Biknell "American Heartland" adlı əyləncə parkı layihəsi vasitəsilə həyata keçirilən genişmiqyaslı dələduzluq sxeminə cəlb olunub. Layihə Oklahoma ştatının Vinita şəhərində Disneylanda rəqib park kimi təqdim olunsa da, nəticədə ərazidə sadəcə çınqıl yol və hasar quraşdırılıb.
İstintaqa əsasən, dələduzluq illərlə davam edib və "ilahi vəhy" adı altında həyata keçirilib. Əsas təqsirləndirilən şəxslər kimi Missuridən olan vaiz Larri Uilxayt, eləcə də sahibkarlar Riçard Silanskas və Stiven Hedrik göstərilir. Onların Biknelli psixoloji manipulyasiya yolu ilə "Tanrının iradəsini yerinə yetirdiyinə" inandırdığı, saxta dini mesajlar vasitəsilə milyonlarla dolları torpaq alqı-satqısı və layihənin inkişafına yönəltməyə sövq etdiyi bildirilir.
Biknell sadə ailədən çıxmış və vaxtilə "Pizza Hut" franşizasının sahibi olmuş biri kimi layihənin ilahi missiya daşıdığına inanaraq bütün sərvətini həmin işə yatırıb. Lakin istintaq sənədlərində qeyd olunur ki, vəsaitin bir hissəsi təqsirləndirilənlər və onların ailələrinin şəxsi ehtiyaclarına xərclənib. Nəticədə, illərlə davam edən işlər yalnız ilkin torpaq işləri səviyyəsində qalıb.
Biknellin vəkilləri bildirir ki, bu dələduzluq yaşlı kişinin sağlamlığına ciddi zərbə vurub - o, insult keçirib və onda ciddi emosional pozuntu aşkarlanıb.
İddiaçı məhkəmə prosesi zamanı münsiflər heyətinin cəlb olunmasını və dəymiş zərərə görə kompensasiya tələb edir.
Aydın
Şərhlər