Xəbər lenti

Turist oğurlanan 100 minlik saatını almaq üçün polis əməliyyatına qatıldı
Dünya 15:08 07.08.2025

Turist oğurlanan 100 minlik saatını almaq üçün polis əməliyyatına qatıldı

Barselonada turistin dəyəri 100 min avrodan artıq olan saatı oğurlanıb. Lakin zərərçəkmişin fəal iştirakı ilə polis cinayətkarları qısa müddətdə saxlayaraq saatı geri qaytarıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Cronica Balear" nəşri məlumat yayıb.

Hadisə avqustun 3-ü, bazar günü gecə saatlarında şəhərin Pintor Fortuni küçəsində baş verib. Turistə hücum edən üç nəfər ona məxsus bahalı saatı zor tətbiq edərək əlindən alıb. Cinayətkarlar hadisə yerindən uzaqlaşarkən onlardan biri öz mobil telefonunu və bank kartını yerə salıb. Məhz bu dəlillər polisə onların kimliyini tez bir zamanda müəyyənləşdirməyə kömək edib.

Zərərçəkmiş yaxınlıqdakı otelin mühafizəçilərinə və polisə dərhal müraciət edib. Hüquq-mühafizə orqanları qısa müddətdə cinayətkarlarla əlaqə quraraq onların saatı qarşılığında itirilmiş əşyaları geri almaq istədiklərini öyrəniblər.

Lakin razılaşdırılmış vaxtda turistin əvəzinə görüş yerinə polis əməkdaşları gəlib və üç şübhəli şəxs dərhal saxlanılıb. Dördüncü şübhəli hadisə yerindən qaçsa da, onun da şəxsiyyəti müəyyən edilib və yaxın vaxtlarda saxlanılacağı gözlənilir. Oğurlanan saat artıq sahibinə qaytarılıb.

Məlumata görə, saxlanılan şəxslərin ümumilikdə 12 məhkumluğu var və onların əksəriyyəti əmlak cinayətləri ilə əlaqəlidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->