Çin təyyarəsinin itməsiylə başlayan serial Tayvanı sarsıtdı (VİDEO)
Ötən həftə Tayvanda yayımlanmağa başlayan "Zero Day Attack" adlı televiziya serialı, Çinin mümkün işğal ssenarisini mövzu alaraq ölkədə həm böyük maraq doğurub, həm də ciddi müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, 10 bölümdən ibarət olan ekran işi Çin hərbi təyyarəsinin itməsi ilə başlayan hadisələr zəncirini mərkəzə alır və Çin hücumundan öncə Tayvanın qarşılaşa biləcəyi müxtəlif ssenariləri nümayiş etdirir. Bunlar arasında maliyyə böhranı, Çinli gizli agentlərin aktivləşməsi və təşvişə düşən əhalinin adadan qaçmağa çalışması yer alır.
Serialda Çinin Tayvan ətrafını blokadaya alması ilə adada rabitə sistemləri çökür, bankaların qarşısında uzun növbələr yaranır, əcnəbilər ölkədən təxliyə olunur, həbsxanalarda qiyamlar baş verir və televiziya şəbəkələri Çin tərəfindən ələ keçirilir. Hadisələr bədii olsa da, təqdim olunan ssenarilər Tayvanlı tamaşaçılar üçün olduqca sarsıdıcı olub.
Serialın treyleri ötən ilin iyul ayında yayımlandıqda da cəmiyyətdə güclü rezonans doğurmuşdu.
Serialın istehsalında qismən dövlət vəsaitlərindən istifadə olunub. Yayım sonrası Tayvanın daxili siyasətində gərginlik artıb. Əsas müxalifət partiyası olan Kuomintang (KMT) serialı təşviş yaratmaqda və hökumət yönlü təbliğat vasitəsinə çevrilməkdə ittiham edib. Serialın yaradıcıları isə layihəni bir "xəbərdarlıq siqnalı” olaraq qiymətləndirirlər.
Ssenari müəllifi Çenq Sin-Mei "Reuters" agentliyinə verdiyi açıqlamada bildirib: "Tayvanda özümüzü azad hesab edirik, lakin sənət və media istehsalında Çinin təzyiqini bir çox səviyyədə hiss edirik".
Müxalifətdəki Kuomintang partiyasının millət vəkili Vanq Xunq-vey isə "Zero Day Attack" serialını "qurudulmuş manqo satmaq” kimi tənqid edib. Bu ifadə Tayvanda ölkənin məhvi ilə bağlı əsassız qorxu yaratmaq mənasında işlədilir.
Tayvanın dövlət yayımçısı PTS tərəfindən dərc edilən bir rəy yazısında isə serialın "fərqli siyasi baxışlara sahib Tayvanlıların narahatlıqlarını və qayğılarını olduqca real və əsaslı şəkildə əks etdirdiyi” vurğulanıb.
Yayımın ilk günündə izləmə rekordu qıran serial cəmiyyət arasında da müxtəlif reaksiyalarla qarşılanıb. Bəzi izləyicilər serialın Tayvanın hazırkı vəziyyətini real formada əks etdirdiyini desə də, digərləri onun Çinlə münasibətləri lazımsız yerə gərginləşdirə biləcəyindən narahatdır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər